Bu gün səhər saatlarında Nikolayevdə güclü partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, bunu Nikolayevin meri Aleksandr Sienkeviç bildirib.
"Səhər saat dörd radələrində Nikolayevdə güclü partlayış səsləri eşidilib. Şəhərin iki rayonu atəşə tutulub. Bir rayonda yaşayış binalarına dəyən ziyan, digər rayonda isə yanğın barədə ilkin məlumatımız var", - o deyib.
Sienkoviç hazırda şəhərdə yenidən hava hücumu siqnalının verildiyini vurğulayıb və hamını evdə qalmağa çağırıb.
Öz növbəsində, Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim Telegram-da şəhərə zərbələrin endirilməsini təsdiqləyib: "Avqustun 4-də saat 04:00 radələrində və saat 06:00-dan sonra Nikolayevdə güclü partlayışlar səslənib. Şəhərin iki rayonu atəşə tutulub".
İlkin məlumata görə, yaşayış binalarına ziyan dəyib - pəncərələrin sınması və dam örtüyü zədələnib. Bundan əlavə, raketlərdən biri yolun hərəkət hissəsinə, digəri isə səkiyə dəyib.