Pakistan Prezidenti Arif Əlvi Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsinin üçüncü ildönümü çərçivəsində açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Əlvi mesajında Kəşmir probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Kəşmir xalqının iradəsi əsasında həllinin bölgədə davamlı sülh və sabitliyin yeganə yolu olduğunu bildirib.
Hindistanın 5 avqust 2019-cu il tarixli qərarı ilə BMT TŞ-ın bir çox qətnaməsini pozduğunu vurğulayan Pakistan prezidenti bundan sonra da Kəşmir xalqı ilə çiyin-çiyinə duracaqlarını deyib.
Əlvi dünyanı Dehli və İslamabad arasındakı münaqişənin sülh yolu ilə həllini dəstəkləməyə çağıraraq, Hindistanın Cammu və Kəşmirdə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıması üçün lazımi addımların atılmasını tələb edib.
Baş nazir Şahbaz Şərif də açıqlamasında Hindistanın sözügedən addımlarını qeyri-qanuni və birtərəfli adlandırıb.
Hindistanın bölgənin demoqrafik quruluşunu dəyişməyi hədəflədiyinə diqqət çəkən Şərif Cammu Kəşmir məsələsinin qorxuya qarşı cəsarət, tiranlığa qarşı fədakarlıq və ümid savaşı olduğunu vurğulayıb.