Qroznının mərkəzindəki Mətbuat evində polis əməkdaşları tərəfindən altı yaraqlı mühasirəyə alınıblar. Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, bu barədə Rusiyanın Çeçenistan üzrə DİN mətbuat xidmətinin nümayəndəsi bildirib.
Bundan öncə hüquq-mühafizə orqanlarındakı mənbə Ria Novostiyə bildirib ki, üç polis əməkdaşı qanunsuz silahlı birləşmənin iştirakçıları olan maşını saxlamaq istəyərkən həlak olublar.
"İlkin məlumatlara görə, binada beş-altı döyüşçü mühasirəyə alınıb. Hazırda polislər onların zərərsizləşdirilməsi üzrə əməliyyat keçirirlər", - DİN mətbuat xidmətinin nümayəndəsi bildirib.
Mətbuat evinin yaxınlığında atışma davam edir. DİN-dən bildiriblər ki, vəziyyət hüquq mühafizə orqanları əməkdaşlarının nəzarəti altındadır, yaraqlıların bütün mümkün geriyə çəkilmə yolları bağlanılıb.