Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT baş katibi Antonio Quterreş və ukraynalı həmkarı Vladimir Zelenski ilə dünənki görüşündə Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojenin tərksilah edilməsi məsələsində diqqət çəkilib.
Teleqraf.com xəbər verir ki, Ərdoğan dünyanın yeni Çernobıl faciəsi yaşamaq istəmədiyini, Quterreş isə Zaporoje AES-ə vurulan hər hansı ziyanın intihar olacağını deyib.
Prezident Ərdoğan Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Ərdoğan sızma və ya partlayış zamanı Türkiyəyə də ciddi təsir edəcək Zaporoje AES-lə bağlı Rusiya lideri Vladimir Putinə çağırış edib.
“Rusiya da üzərinə düşəni etməlidir”, - Türkiyə prezidenti vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İvan Neçayev Zaporoje AES-in tərksilah edilməsi ilə bağlı çağırışlara isti yanaşmayacaqları mesajını verib.
“Silahsızlaşdırma stansiyanı daha da müdafiəsiz vəziyyətə gətirə bilər”, - rusiyalı diplomat deyib.
Neçayev Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin vəziyyəti araşdırmaq üçün obyektə çox yaxında səfər etmələrini gözlədiklərini bildirib.