"Kiyevin rusiyalı jurnalist Dariya Duqinanın qətlində əlinin olmadığı barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatı yalan zəncirinin daha bir halqasıdır".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Zelenski növbəti dəfə kameralar qarşısına çıxıb deyir ki, bununla heç bir əlaqələri yoxdur, bu, onların vətəndaşlarına aid məsələ deyil və o, Ukrayna ərazisində yaşamayan bir şəxsdir. Yaxşı, bu da yeni bir şey deyil, yalan zəncirinin başqa bir halqasıdır. Amma Qərb bunu da görmür. Görə bilmədiyi üçün yox, ona görə ki, Kiyev rejimi məhz həmin Qərbin təlimat kitabçasında yazılanları yerinə yetirir”, - rusiyalı diplomat qeyd edib.
Rusiyalı politoloq Aleksandr Duqinin qızı Darya avqustun 20-də qətlə yetirilib.
Rusiya baş verənlərə görə Ukrayna vətəndaşı Natalya Vovk adlı qadını ittiham edir.