29 Avqust 2022 15:04
3 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ən böyük haker qrupu “Killnet” Türkiyənin “Baykar” şirkətinə təhdid mesajı ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ, Norveç, Rumıniya, Litva, İtaliya, Çexiya, Latviya kimi ölkələrə hücumları ilə adından söz etdirən, Rusiyanın Ukraynadakı işğalçı müharibəsini dəstəkləyən “Killnet” Teleqram kanalı üzərindən verdiyi açıqlamada “Baykar” və şirkətin sahibi Bayraktar ailəsini təhdid edib.

Türkiyəni hədələyən haker qrupu bundan əvvəl ABŞ-ın müdafiə nəhəngi “Lockheed Martin” şirkətinə DDoS hücumu həyata keçirdiyini iddia etmişdi.

BBC-nin rus bölməsinə müsahibə verən “Baykar”ın baş direktoru Haluk Bayraktar “Moskva sizə böyük pul təklif etsə, onlara “Bayraktar” satardınızmı” sualına belə cavab vermişdi:

“İşimizin əsasını heç vaxt pul və maddi şeylər təşkil etməyib. Moskva bizə nə qədər pul təklif etsə də, bunları onlara satmayacağıq”.

Kremlin dəstəklədiyi iddia edilən “Killnet”dən təhdid mesajı da bu açıqlamadan sonra gəlib.

Bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü olan Sergey Tsekov “Baykar”ın Ukraynada PUA zavodu quracağı halda bu obyektin "qanuni hədəf" olacağını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər