SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov fərqli gələcəyə nail olmaq üçün karyerasını riskə atmağa cəsarət edən nadir lider idi.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Amerika lideri Qorbaçovun “Yenidənqurma” siyasətindən danışarkən bildirib:
Bu, nadir bir liderin - fərqli gələcəyin mümkünlüyünü görmək təxəyyülü olan və buna nail olmaq üçün bütün karyerasını riskə atmaq cəsarəti olan bir insanın addımı idi. Nəticəsi daha təhlükəsiz dünya və milyonlarla insan üçün daha çox azadlıq oldu”.
Bayden həmçinin Qorbaçovu “heyrətamiz uzaqgörənliyə malik insan” adlandırıb.
Onun sözlərinə görə, o zaman yalnız bir neçə yüksək rütbəli sovet rəsmisi nəyisə dəyişməyin lazım olduğunu etiraf etməyə cəsarət göstərib:
“O zaman Senatın Xarici Əlaqələr Komitəsinin üzvü kimi mən bunu və daha çoxunu görmüşəm. SSRİ lideri kimi o, Prezident Reyqanla birlikdə ölkələrimizin nüvə arsenallarını azaltmaq, nüvə silahı yarışına son qoyulması üçün dua edən insanların rahatlığı üçün çalışdı. Onilliklər ərzində amansız siyasi repressiyalardan sonra o, demokratik islahatları keçirdi”.
Bayden hesab edir ki, SSRİ-nin ilk və yeganə prezidenti “Qlasnost” və ya “Yenidənqurma”ya təkcə şüar kimi deyil, Sovet İttifaqı xalqlarının illərlə təcrid və məhrumiyyətlərdən sonra irəliləmə yolu kimi inanırdı.
Bayden qeyd edib ki, 2009-cu ildə Ağ Evdə ABŞ-ın vitse-prezidenti kimi Qorbaçovla hər iki ölkənin nüvə arsenallarını azaltmaqla bağlı uzun müzakirə aparıb.
Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, keçmiş SSRİ-nin lideri 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qırğının müəllifi və sifarişçisidir. 1980-ci illərin sonlarında Azərbaycanın Qarabağ bölgəsində baş qaldırmış erməni separatizminin də əsas səbəbkarlarından biridir.