16 Sentyabr 2022 20:55
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nümayəndələr Palatasının sədri Nensi Polesinin Ermənistana səfəri heç nəyi dəyişdirmir. Necə ki, indiyə qədər Rusiya Ermənistanı öz təsir dairəsində saxlayır, bundan sonra da bu davam edəcək. Bir səfərlə Rusiyanın Ermənistandakı hərbi bazası, nüvə elektrik stansiyası, Ermənistan elektrik və qaz şəbəkələri, dəmiryolu və digər strateji obyektlər Moskvanın nəzarətindən çıxacaqmı? Əlbəttə, xeyir. Rusiyadan Ermənistana köçürmələr ABŞ-dan köçürmələrdən on dəfə çoxdur. Bu dəyişiləcəkmi? Yox”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesinin Ermənistana gözlənilən səfərini şərh edərkən deyib.

Musabəyov qeyd edib ki, Nensi Polesinin səfəri sadəcə nümayişdir: “Əslində bu xanımın 83 yaşı var və onun siyasi karyerası bitib. Baxmayaraq ki, Nensi ermənipəst dairələr tərəfindən Kaliforniyadan Konqresə seçilib. Lakin onun zamanı bitir. Sadəcə olaraq təbliğat baxımından nümayiş etdirir ki, Ermənistana diqqət ayırır. Bəli, bundan əvvəl Tayvana səfər etmişdi. Orada olan qüvvələrdə bu səfərdən siyasi dəstək hiss etdilər. Amma reallıqda heç nə dəyişmədi. Mənə elə gəlir ki, Nensinin İrəvana səfəri Paşinyana dəstəkdir. Lakin İrəvanda nəsə deyəcəksə, ABŞ rəsmi siyasətindən kənara çıxacaqsa, sözsüz ki, Azərbaycanın ABŞ-la münasibətlərinə mənfi təsir göstərə bilər. Amma bu daha çox təbliğata aid səfərdir, nəinki yerlərdə vəziyyəti dəyişən gedişdir”.

Politoloq qeyd edir ki, hazırda İrəvanda Ermənistanda müxalif və revanşist qüvvələr Paşinyanın üzərinə düşüb, Nensi Polesinin səfəri isə indiki erməni hökumətinə dəstəkdir: “Digər tərəfdən, Ermənistan parlamentli respublikadır. Burada parlamentin əhəmiyyəti böyükdür. Üstəlik Paşinyanın komandasında ən yaxın adamlarından biri olan Simonyan parlamentin rəhbəridir. Polesinin bu səfəri həm də parlament üçün əhəmiyyətlidir”.

Nusabəyov xatırladıb ki, 2020-ci ildən sonra bir neçə dəfə Paşinyanı devirməyə cəhd edilib: “Zənnimcə, Polesinin səfəri bu gərginliyi bir qədər zəiflədəcək. Gərginlik aşağı düşdükdən sonra fərz edirəm ki, Paşinyan vəziyyəti öz nəzarətində saxlayacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər