5 Oktyabr 2022 10:30
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya hökumətinin sözçüsü Məhəmməd Həmudə ölkəsinin Türkiyə ilə imzaladığı anlaşmaya etiraz edən Yunanıstana reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Liviya rəsmisi bu məsələnin Yunanıstana dəxli olmadığını deyib.

Həmudə ölkəsinin Yunanıstanla Kritin ərazi suları məsələsində eyni fikirdə olmadığını bildirib.

O, Türkiyə ilə Liviya arasında karbohidrogen sahəsində imzalanan anlaşma memorandumuna qarşı bəyanatların məlumat çatışmazlığından və şayiələrdən qaynaqlandığını söyləyib.

“Anlaşma memorandumu Liviya və Türkiyənin məsələsidir, bu məsələyə müdaxiləni qəbul etmirik”, - Məhəmməd Həmudə vurğulayıb.

Liviya rəsmisi anlaşmanın Liviyanın enerji sahəsindəki potensialı baxımından önəmli imkanlar yaradacağını deyib:

“Liviya Yunanıstanla Kritin ərazi suları mövzusunda razılaşmır və bəzi fikir ayrılıqları var”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Fatih Dönmez, müdafiə naziri Hulusi Akar, ticarət naziri Mehmet Muş, Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fahrettin Altun və prezidentin sözçüsü İbrahim Kalından ibarət nümayəndə heyəti ötən həftə Liviyanın paytaxtı Tripoliyə səfər edib.

Səfər çərçivəsində Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi, baş nazir Əbdülhəmid Dibeybe, xarici işlər naziri Nəcla Mənquş və Ali Şuranın sədri Xalid əl-Mişri ilə görüşlər keçirilib, Liviya tərəfi ilə karbohidrogen və digər sahələr üzrə memorandumlar imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu