On bir yaşlı Dahirin göz yaşları aclıqdan çökmüş yanaqlarından süzülür. Sakitcə “Yaşamaq istəyirəm” deyir.
Teleqraf.com “BBC Türkçe”nin Somalidən hazırladığı reportajı ixtisarla təqdim edir.
Somalinin Baydabo şəhərinin kənarındakı tozlu düzənlikdə ailəsinin yoxsul çadırının yanında oturan yorğun anası Fatimə Ömər ona ağlamamasını söyləyir. Təsəlli verərək deyir ki, göz yaşların qardaşını geri qaytarmayacaq, hər şey yaxşı olacaq.
Fatimənin ikinci oğlu, on yaşlı Salat iki həftə əvvəl ailəsi ilə birlikdə kənddən üç günlük məsafədə yerləşən Baydaboya çatanda aclıqdan ölüb. Yeni evlərindən bir neçə metr aralıda daşlı torpaqda basdırılıb. Kiçik məzarı artıq zibilin altında qalıb. Yeni gələnlər yaxınlıqda çadırlar qurduqca bu kiçik məzarın izi bir az da yoxa çıxır.
“Oğluma yas saxlaya bilmirəm. Buna vaxtım yoxdur. İş tapmalı, sağ qalanları yaşatmalıyam”, - Fatimə deyir. Bunu deyərkən də ən kiçiyini, doqquz aylıq qızı Billəni qucaqlayır və az qala boğazını yırtan öskürəyi tutan altı yaşlı Məryəminə baxır.
Cənub-şərqə - Somalinin paytaxtı Moqadişuya gedən yolda quraqlıq səbəbindən öz evlərindən didərgin düşmüş ailələr susuzluğun parçaladığı yalın torpaqda yemək axtararkən bu sonsuz səyahətlərini və ağrılı həyat hekayələrini danışırlar.
Yeni araşdırmaya görə, belə düşərgələrdəki azyaşlılar və hamilə qadınların üçdə ikisi qida problemi ilə üz-üzədir. Yüksək ölüm nisbəti nəzərə alındıqda, bu, ölkədə aclıqla bağlı rəsmi bəyanatın verilməsinin gecikdirildiyini göstərə bilər.
Bulo adlı kənddən Baydaboya çatmaq üçün doqquz uşağı ilə birlikdə ən azı on beş gün piyada gedən Fatimə deyir: “Üç yaşlı qızım Fərhirin ölümünü öz gözlərimlə gördüm və heç nə edə bilmədim”.
Davam edir və o qorxunc anı belə təsvir edir:
“Onu on gün gəzdirdim. Axırda onu yolun kənarında qoymalı olduq. Dəfn etməyə imkanımız yox idi. Kaftarların onun meyitinə yaxınlaşdığını eşidirdik”.
Həbibə Mohamud deyir ki, indi kəndi tanınmaz haldadır:
“Özümlə heç nə gətirməmişəm. Evdə heç nə qalmayıb. Mal-qara ölüb. Tarlalar quruyub”.
Əsla kəndinə qayıtmayacağını söyləyir.
İqlim dəyişikliyi ilə güclənən quraqlıq Afrika Buynuzunda əsrlər boyu davam edən kənd həyatını sona çatdırmaq təhlükəsi yaradıb.
Digər yeni gələnlər kimi Həbibə də gecə ayazı düşənədək çadırını qurub qurtarmaq ümidilə tapdığı budaqları, ip parçalarını, karton, plastik, kağız - əlinə nə keçirsə, daşıyır. Ailəsi üçün çadır qurmağa çalışır. Yalnız bunu etdikdən sonra beş övladı üçün yemək və tibbi yardım axtarmağa gedə bilər.
Həkim Yusif şəhərin əsas xəstəxanasında çarpayılar arasında dolaşaraq, kiçik, zəif xəstələrini yoxlayır. Uşaqların çoxu iki aydan üç yaşa qədərdir. Hamısını aclıq taqətdən salıb. Bəziləri isə pnevmoniya və qızılca ilə mübarizə aparır.
Balacaların ağlamaq üçün də taqəti qalmayıb. Bəzilərinin dərisi yara töküb. Aclığın şişirdiyi bədənlərin dəriləri çatlayıb.
Həkim ağlayan iki yaşlı uşağa damar yolu açmağa çalışır.
“Çoxları xəstəxanaya çatmamış ölür”, - həkim deyir.
Somali rəhbərliyi və beynəlxalq təşkilatlar aylardır ölkənin cənub-qərbində tüğyan edən aclığa diqqət çəkməyə çalışsa da, həkim Abdullahi deyir ki, xəstəxanası uşaqlar üçün əlavə qida da daxil olmaqla bir çox tibbi ləvazimat tapmaqda çətinlik çəkir.
Həkim qəzəblə əlavə edir:
“Bəzən axtardığımızı ümumiyyətlə tapa bilmirik. Bu dəhşətlidir, çünki insanlar ölürlər və biz onlara yardım edə bilmirik. Hökumətimiz problemlərin öhdəsindən gələ bilmir. Quraqlığın və məcburi köçkünlərin gəlişi üçün heç bir hazır plan yox idi”.
Hökumətin nazirlərindən biri bəzi sahələrdə çatışmazlıqların olduğunu etiraf edir.
Cənub-qərb əyalətinin humanitar işlər naziri Nasir Aruş Baydabodakı düşərgələrdən birinə qısa səfəri zamanı söyləyir:
“İndikindən daha sürətli, daha dəqiq və daha effektli olmalıyıq”.
Amma daha çox beynəlxalq yardımın böyük önəm kəsb etdiyini də vurğulayır:
“Lazımi yardımı almasaq, yüz minlərlə insan həlak olacaq. İndi etdiyimizi üç ay əvvəl etməliydik. Yavaş idik. İş tez görülməsə, bölgədə fəlakətli vəziyyət yaranacaq”.