6 Oktyabr 2022 12:44
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın keçmiş baş naziri İmran Xanın xələfi Şahbaz Şərifin ofisində dinləmə cihazlarının quraşdırılmasında iştirak edib-etmədiyini öyrənmək üçün araşdırma aparılacaq.

Teleqraf.com xəbər verir ki, araşdırma Pakistan Təhqiqatlar Agentliyinə həvalə edilib.

Keçmiş baş nazirlə bağlı araşdırma Pakistan Milli Təhlükəsizlik Komitəsinin qərarı ilə yaradılmış xüsusi dövlət komissiyası tərəfindən istintaqla eyni vaxtda aparılacaq.

Quruma yeddi gün ərzində Şərifin iqamətgahında onun yaxın ətrafı ilə məxfi danışıqlarının sızmasına səbəb olan kibertəhlükəsizliyin pozulması faktlarını müəyyən etmək, habelə nazirlik və digər idarələrin kibertəhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb.

Xüsusi dövlət komissiyasına Pakistan daxili işlər naziri Rəna Sanaulla başçılıq edir, bura üç nazir və kəşfiyyat orqanlarının rəhbərləri də daxildir.

Sentyabr ayında internetdə Şərifin şəxsi katibi Taukir Şah, müdafiə və daxili işlər nazirliklərinin rəhbərləri ilə danışıqlarının bir çox audioyazılarının yayılmasından sonra istintaq başlayıb.

Söhbətdə milli təhlükəsizlik, xarici və daxili siyasətlə bağlı məsələlərə toxunulub. Pakistan Kəşfiyyat Xidməti həm baş nazirin ofisinə haker hücumunu, həm də orada dinləmə cihazlarının quraşdırılmasını istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu