14 Oktyabr 2022 09:05
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ haqqında fikirləri çox idbar olmaqla yanaşı, qəbuledilməzdir və bizim tərəfimizdən həmin sözlər rədd olunur. Onun açıqlaması göstərir ki, əslində hadisələrin məğzindən xəbəri yoxdur, bişməmiş və tamamilə yalanlara söykənən fikirlərdir. Bu həm də tərəfkeş fikirlərdir. Məncə, belə fikirlərə görə, “eyib olsun” ifadəsini işlətmək tam yerinə düşərdi. Fransa kimi nəhəng dövlətin başçısının Cənubi Qafqazı, onun coğrafi şərtlərini bilməməsi, üstəlik region üzərindən siyasi alverə girişməsi başdan-ayağa biabırçılıqdır”.

Bu fikirləri Teleqraf.com-a professor Qabil Hüseynli Fransa Prezidenti Emmanuel Makronun son çıxışlarını şərh edərkən bildirib.

Professor qeyd edib ki, Praqada görüş zamanı vasitəçilərdən birinin Makron olmasına baxmayaraq Fransa ermənipərəst mövqeyini sona qədər davam etdirəcək:

“Onlar belə də davam edəcək və bunu öncədən də bəyan etmişdilər. Amma Praqa görüşü zamanı sanki bitərəfmiş kimi göründü, özünü elə təqdim etdi. Lakin biz 30 ildir ki, Fransa siyasətinin mahiyyətini çox yaxşı bilirik, buna dəfələrlə şahid olmuşuq”.

Qabil Hüseyuni diqqəti ona çəkib ki, Azərbaycanı sona qədər aldatmaq mümkün deyil:

“Praqa görüşündən sonra Ermənistana mülki qrup gələcək. Görüş zamanı onlar deyirdilər ki, gələn heyət Azərbaycan ərazisindən də müşahidələri həyata keçirsinlər. Amma Azərbaycan Prezidenti onu rədd etdi. Məncə, Fransanın son mövqeyindən sonra Azərbaycan tərəfi onların fikirlərini qəbul etməyə, həmin qrupla işləməyə bilər. Ümumilikdə hesab edirəm ki, Azərbaycan Fransanın nizamlanma prosesində iştirakına mane olmalıdır. Makronun yetişməmiş, tərəflər arasında təfriqə yaradan bəyanatlarına da etiraz edirəm. Məncə, prezident Makron əvvəlcə rgionun coğrafi şəraiti ilə tanış olmalı, sonra açıqlamalar verməlidir. Qarabağ Azərbaycan torpağıdır və sona qədər də belə olacaq”.


Müəllif: Nemət

Oxşar xəbərlər