“Ukrayna xarici işlər naziri Dmitri Kuleba rusiyalı prankerlər Vladimir Kuznetsov və Aleksey Stolyarov ilə söhbətində Kiyev rejiminin terror fəaliyyəti ilə bağlı açıq etiraf edib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova pankerlərin özlərini ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol kimi təqdim edərək, Kuleba ilə etdikləri söhbəti sosial şəbəkədə yaydıqlarını bildirib.
“Kuleba Kiyev rejiminin Krım və Belqorodda terror aktları törətməsini etiraf edib”, - XİN sözçüsü söyləyib.
Zaxarova əlavə edib:
“Əhsən! Elə dünən Zelenski BBC-yə müsahibəsində and içdi ki, belə bir şey yoxdur və onun qabaqlayıcı zərbələrlə bağlı bəyanatları sanksiyalarla əlaqədardır. Amma bundan sonra onun baş diplomatı terroru etiraf edir. Bunu təhlükəsizlik qüvvələri və ya fərdi təxribatçılar yox, dövlət, rejim törədir”.