21 Oktyabr 2022 12:03
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ kəşfiyyatının hesablamalarına görə, Ukrayna ordusunun cənubda və şimal-şərqdə qarşıdakı altı həftə ərzində Rusiya qoşunlarına qarşı qələbə qazanmaq şansı var.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazır.

Nəşr kəşfiyyat mənbələrinə istinadən bildirir ki, Ukraynanın ötən ay Xarkov vilayətində olduğu kimi, daha bir böyük ərazini azad edərək Rusiya qüvvələrinə kütləvi zərbə vurmaq şansı azdır. Amma ayrı-ayrı rus bölmələri Ukrayna Silahlı Qüvvələrinin davamlı təzyiqi qarşısında geri çəkilə bilər ki, bu da Ukrayna ordusuna Donbasın bir sıra şəhərlərini geri almağa və Xerson şəhərini potensial olaraq azad etməyə imkan verəcək.

ABŞ və Ukrayna rəsmiləri konkret proqnozlar verməsələr də, döyüşlərin daha bir neçə ay davam edəcəyi ehtimalının olduğunu bildirirlər. Müharibənin trayektoriyasının dəyişdirilməsində xüsusilə aktual ola biləcək bir sıra dəyişikliklər də var.

Hərbi analitiklər deyirlər ki, Ukrayna hazırda üstünlüyə malikdir, bu da ona ərazilərini geri qaytarmaq üçün səylərini istədiyi istiqamətə döndərmək imkanı yaradır.

Müharibə Tədqiqatları İnstitutunun analitiki Mason Klark deyir ki, Ukrayna üçün yeni fürsət pəncərəsi açılıb: “Ukraynalıların hara hücum edəcəklərini seçmək imkanı var”.

ABŞ rəsmiləri bildirirlər ki, Ukrayna yaxın həftələrdə öz üstünlüyündən istifadə etməyə davam etməlidir. Onlar həmçinin hesab edirlər ki, Ukraynanın hücumu tezliklə Xersondakı rus qoşunlarını Dnepr çayının sol sahilinə çəkilməyə məcbur edə, şəhərin böyük hissəsini Ukraynanın nəzarətinə qaytara bilər.

Ukrayna ordusunun şərqdə sürətli əks-hücumunun ləngiməsinə baxmayaraq, bəzi ABŞ rəsmiləri ukraynalıların Luqanskda irəliləməyə və dalanı aradan qaldırmağa hazır olduqlarını, burada Rusiyanın müdafiə xəttini yara biləcəklərini söyləyirlər. Amma Rusiya ordusunun üzləşdiyi problemlərə baxmayaraq, Kreml, amerikalı rəsmilərin və hərbi analitiklərin fikrincə, hələ də müharibəni uduzmayıb. İtkilərə baxmayaraq, ABŞ rəsmiləri deyirlər ki, Rusiya döyüşü davam etdirməyə hazır görünür.

Döyüşlərin dinamikasını nəzərə alaraq, ABŞ rəsmiləri hərbi əməliyyatlarda uzun fasilə olacağını düşünmürlər. Qış qarı döyüşü ləngitməyəcək, amma payız palçığı durumu çətinləşdirəcək.

Rusiya növbəti dörd-beş ayı qüvvələrini yenidən qruplaşdırmaq üçün istifadə edə bilər. Amma Amerika rəsmilərinin fikrincə, bundan sonra nə baş verəcəyi açıq sual olaraq qalır. Rusiya zəifləmiş artilleriya atəşini bərpa etməklə sentyabr ayından bəri itirdiyi torpaqları geri almağa cəhd edə bilər. Eyni zamanda, rus ordusunun mövqeyini dəyişdirmək üçün Kremlin potensial nüvə silahından istifadə səviyyəsinə qədər eskalasiya əmri verə biləcəyi də istisna deyil. Yaxud Rusiya qışda yanacaq qıtlığı ilə üzləşən Avropanın Kiyevi atəşkəsə məcbur edəcəyinə ümid edərək, ukraynalılarla danışıqlara cəhd etməklə əldə etdiyi qazancları saxlamağa cəhd edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər