21 Oktyabr 2022 12:06
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının yeni lideri və hökumət başçısı postları uğrunda kampaniyaya başlamaq üçün məzuniyyətini yarımçıq qoyaraq ölkəsinə qayıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, Conson bu gün Karib dənizindəki tətildən qayıdacaq. Şənbə günü onun kampaniyasının tərəfdarları ilə Ceykob Ris-Moqqun başçılığı ilə görüşü planlaşdırılır.

Conson artıq özəl olaraq Mühafizəkar parlamentariləri onu dəstəkləməyə çağıraraq, onlara növbəti seçkidə yalnız onun qalib gələcəyini vəd edir.

Keçmiş baş nazir digər potensial namizəd, sabiq maliyyə naziri Rişi Sunakdan da dəstək istəyib.

Britaniyada yalnız leyborist Harold Vilson və ondan əvvəl Consonun siyasi kumiri Uinston Çörçill baş nazir postunu tərk etdikdən sonra ikinci müddətə geri dönə bilib.

Yalnız 360-a yaxın Mühafizəkar parlament üzvündən 100-nün dəstəyini alanlar seçkinin birinci turuna keçəcək. Namizədlərə lazımi səsləri toplamaq üçün bazar ertəsi saat 14:00-a qədər vaxt verilib.

Xatırladaq ki, dünən Böyük Britaniya Baş naziri Liz Trass 6 həftəlik vəzifəsindən sonra istefa verdiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu