İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian daha əvvəl Rusiyaya silah satdıqlarını, lakin Ukrayna müharibəsi zamanı bu ölkəyə heç bir silah təhvil vermədiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) üzvləri ilə görüşən Abdullahian çıxışında ölkəsinin xarici siyasətini dəyərləndirib.
Keçmişdə Rusiyaya silah satdıqlarını, ancaq Ukrayna savaşında istifadə edilmək üçün Rusiyaya silah satdıqlarına dair iddiaları qəbul etmədiklərini bildirən Abdullahian əlavə edib ki, Ukraynadakı müharibəyə prinsipial baxımdan qarşıdırlar: “Biz Rusiyaya Ukrayna müharibəsində istifadə etmək üçün heç bir silah və ya pilotsuz təyyarə verməmişik və verməyəcəyik”.
İddiaların araşdırılması üçün Ukrayna ilə hərbi ekspertlərin iştirakı ilə birgə iclas keçirməyə hazır olduqlarını bildirən Abdullahiyan bu təklifi Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Jozef Borrellə çatdırdığını bildirib.
“Rusiyanın Ukraynaya qarşı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etdiyi məlum olarsa, əlbəttə ki, bu məsələyə biganə qalmayacağıq”, - Abdullahian bildirib.