Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısının çıxışından parçaları Prezidentin Mətbuat Xidmətinə yaxın olan “Pul Pervoqo” teleqram kanalı dərc edib.
Aleksandr Lukaşenko hər iki ölkəni dost ölkə adlandırıb və bütün məsələləri Azərbaycanın hazırkı rəhbərliyi ilə həll etməyə çağırıb.
Dövlət başçısı Azərbaycanı və KTMT üzvü olan Ermənistanı dost ölkələr hesab edir və bəyan edib ki, KTMT üzvlərinə və Azərbaycana qarşı çıxmaq mümkün deyil:
“Məsələ çox həssas və kövrəkdir. Məsələ sadəcə bir tərəfdən KTMT-nin, digər tərəfdən isə Azərbaycanın olması deyil. Bunlar bizim iki dost ölkəmizdir. Bəli, onlar həqiqətən bir dövlətdə idilər. Amma bundan da çox, biz MDB-nin üzvüyük. Azərbaycan və Ermənistanla birlikdə. Bizə yaxın olan pravoslav Ermənistanla və bizə çox yaxın olan müsəlman Azərbaycan dövləti ilə çox sıx əlaqələrimiz var. Bu, KTMT-nin digər üzvləri, o cümlədən 30 milyon müsəlmanın olduğu Rusiya Federasiyası üçün xüsusilə həssasdır. Yəni bütün nüanslar, bütün amillər nəzərə alınmalıdır”.
A.Lukaşenkonun fikrincə, Azərbaycan KTMT-də heç kimə düşmən deyil: “Məgər Azərbaycan burada olan dövlət və dövlət başçılarına hansısa düşmən və ya rəqibdir? Yox. Prezident Putinin dediyini təsdiq edirəm ki, həm Ermənistan, həm də Azərbaycan bizim doğma dövlətlərimizdir. Vəziyyətin özəlliyi də budur. Biz bunu gözardı edə bilmərik. Ona görə də bir tərəfdən KTMT-də “Bizimləsiniz, ya yox?” sualını qaldırmaq, digər tərəfdən isə Azərbaycan - olmaz.
O, tərəfləri yekdil fikrə nail olmağa, bu yekdil fikri “baxmadan” dəstəkləyəcəyini vurğulayıb.
Belarus lideri KTMT üzvlərinə “öz mövqelərini müəyyənləşdirməyi” təklif edən Nikol Paşinyanı da tənqid edib:
“Siz tələb etdiniz ki, öz mövqeyimizlə bağlı qərar verək. Siz bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həll olunmasını istəyirik. İkinci qaldırdığınız sual: Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün mənə yol xəritəsi verin. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gəlsə, Rusiya Prezidentindən xahiş edən, qərar verin. Bu gün qərar verməsəniz, daha pis olacaq”