11 Noyabr 2022 17:00
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afinadan gələn açıqlamalar hesabına Egey dənizində gərginlik artarkən, Yunanıstan mediasından Türkiyəyə qarşı gözlənilən reaksiya gəlib.

Teleqraf.com xəbər verir ki, dünən Mora və Kritin cənub-qərbində “ExxonMobile” şirkətinin təbii qaz axtarışına rəsmən start verən Yunanıstan Türkiyənin “Bozdoğan” raketinin sınağından təşvişə düşüb.

Yunanıstanda nəşr olunan “Protothema” qəzeti sınağı Mora və Kritdəki tədqiqatlara cavab kimi xarakterizə edib.

Bundan əvvəl də Türkiyə ilə bağlı təxribat xarakterli materiallar dərc edən qəzet bildirib: “Türkiyə Müdafiə Nazirliyi Yunanıstanın rəsmi olaraq başlatdığı seysmik tədqiqatlara yeni təxribat xarakterli video ilə cavab verib”.

Məqalədə “Bozdağan”ın texniki xüsusiyyətləri də yer alıb. Sözügedən raketin “Hürjet” və TF-X ilə yanaşı, F-16-lara da inteqrasiya oluna biləcəyi vurğulanıb.

“Skai” telekanalı “Bozdoğan”ın bu il Türkiyə Silahlı Qüvvələrinin inventarına girəcəyini bildirib.

Yunan mətbuatı Afinanın Krit planını da öz səhifələrində işıqlandırıb. “CNN Yunanıstan”ın “Karbohidrogen Araşdırmalarında Dəniz Qalxanı” adlı materialında Türkiyə əleyhinə təxribatçı fikirlər yer alıb.

Bölgədə “Türkiyə təxribatı” ola biləcəyini iddia edən mənbə silahlı qüvvələrin belə bir ssenariyə qarşı cavab planı üzərində işlədiyini bəyan edib.

Krit və Korfu ətrafı üçün elan olunan NAVTEX ilə sərhədlənmiş ərazilərin yunan donanması tərəfindən qorunacağı açıqlanıb. İddiaya görə, müdaxilə olarsa, bölgə uzaqdan daimi nəzarət altında olacaq. Xəbərdə Yunanıstan Hərbi Dəniz Qüvvələrinin geniş ərazidə ehtiyat qüvvə saxlayacağı vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər