İsveç Baş naziri Ulf Kristersson ilk xarici səfərini Türkiyəyə edərək, Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.
Teleqraf.com xəbər verir ki, Kristersson Ərdoğanla görüşdə PKK-nın terror təşkilatı olduğunu və Türkiyə qarşısında götürdükləri bütün öhdəlikləri yerinə yetirəcəklərini bildirmişdi. Amma səfərdən bir neçə gün sonra terror təşkilatının İsveçdəki tərəfdarları yenidən küçələrə axışıb.
PKK tərəfdarları paytaxt Stokholmun “Norra Bantorget” meydanına toplaşaraq, İsveç və Türkiyə arasında NATO anlaşmasının ləğvini tələb ediblər. PKK/YPG-ni simvolizə edən əski parçaları qaldıran aksiyaçılar sözügedən terror təşkilatının lideri Abdullah Öcalanın plakatını açıblar.
Polisin müşayiəti ilə aksiya keçirən PKK tərəfdarları şəhərin mərkəzinə yürüş ediblər.
İsveçin TT xəbər agentliyinin məlumatına görə, noyabrın 16-da parlamentə gəlməsi gözlənilən konstitusiya dəyişikliyi ilə hökumət və hüquq-mühafizə orqanlarına “terror təşkilatları ilə əlaqələri məlum olduğu halda təşkilatlanmaq azadlığının qarşısını almaq hüququ” verilir. Qanunun 2023-cü il yanvarın 1-dən qüvvəyə minməsindən sonra PKK/YPG terror təşkilatının İsveçdəki fəaliyyətinə və tez-tez keçirdiyi aksiyalara qarşı hansı tədbirlərin görüləcəyi maraq doğurur.