Noyabrın birinci yarısında Asiya ölkələrində keçirilən dünya liderlərinin üç böyük sammiti Rusiya Prezidenti Vladimir Putinin dünya səhnəsində mövqelərini itirdiyini açıq şəkildə göstərdi.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN-nin yayımladığı analitik materialda bildirilir.
Materialda vurğulanır ki, Rusiya prezidenti Ukraynadakı müharibəyə görə sərt şəkildə qınanılacağı ehtimalına qarşı Asiya sammitlərinə qatılmaqdan imtina edib. Bununla yanaşı, dünyada Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsindən narazılıq artır.
“Son doqquz ayda Ukraynaya hücumu davam etdirən və bu Avropa ölkəsini darmadağın edən və qlobal iqtisadiyyatı sarsıdan Putin hər hansı diplomatik görüşlərə qatılmaqdan imtina edir. Bu fonda onun müharibəsinə qarşı beynəlxalq etirazlar güclənir və çoxluğun qınaq obyektinə çevrilir”, - CNN bildirir.
“Karnegi” fondunun baş elmi işçisi Aleksandr Qabuyev hesab edir ki, Putinin sammitlərə getməmək qərarına təsir edən səbəblər arasında paytaxtı tərk edəcəyi təqdirdə özünə qarşı mümkün siyasi manevrlərin olacağından qorxması, şəxsi təhlükəsizliklə bağlı keçirdiyi təşviş və s. kimi məsələlər var. O, Rusiya liderinin bu qorxularının müharibədəki məğlubiyyətləri fonunda daha da gücləndiyini deyir.
Bununla yanaşı, telekanal bildirir ki, hətta son vaxtlara qədər Moskvanın addımlarını tənqid etməyən ölkələrdə də səbr tükənir:
“Rusiyaya qarşı sərt mövqe tutmayan ölkələr arasında belə, onun aqressiyasının fəsadları ilə bağlı səbrini itirmə əlamətləri görünür. Enerji və ərzaq təhlükəsizliyi problemləri və spiral qlobal inflyasiya hazırda bütün dünya iqtisadiyyatlarına ağır təsir göstərir”.