“Əl-Qaidə” terror təşkilatı Qətərdə keçirilən dünya çempionatını “müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal” adlandırıb və dünyanın ən mühüm futbol tədbiri üçün həmin ölkəyə gedənləri daşqalaq etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, terror təşkilatı tərəfdarlarını dünya çempionatına qarşı “cihada” çağırıb.
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında edilən hadisələri işğal kimi qələmə verən təşkilatın açıqlamasında “Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər” ifadələrinə yer verilir.
Qərbin müsəlman dünyasındakı mədəni işğalını davam etdirdiyini bildirən “Əl-Qaidə” iddia edib ki, pornoqrafiyanı canlandırmaq və homoseksuallığı normallaşdırmaq onların ən böyük hədəfidir.
Təşkilat buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.
“Əl-Qaidə” bundan əvvəl də müsəlmanları dünya çempionatını boykot etməyə çağırmışdı. Milyonlarla insanı ekran qarşısına bağlayan Qətərin ev sahibliyi etdiyi yarışda spirtli içkilərin qadağan edilməsi və LGBT hərəkatına dəstək müzakirələri davam edir.