Böyük enerji böhranı yaşayan Avropa bu qışdan ağır qənaət tədbirləri ilə çıxmağa çalışır, lakin havalar soyuduqca problemlər daha da artır.
Teleqraf.com xəbər verir ki, Almaniya Bundestaqı istiliyə 18 dərəcə həddi gətirəndən bir çox deputatlar çox soyuq olduqlarını bildirərək şikayət etməyə başlayıblar.
“Der Spiegel”in “Parlamentdə buz dövrü” başlığı ilə açıqladığı xəbərə görə, bəzi deputatlar ofislərinin donduğunu və xəstəlik riski ilə üzləşdiklərini bildiriblər.
Əlavə olunub ki, bəzi deputatlar parlamentin iclaslarına palto və yaylıqları ilə qatılıblar. Ötən həftə büdcə iclasına bəzi deputatların palto ilə gəldiyi də müşahidə olunub.
Yaşıllar Partiyasından olan deputat Renate Kuenast deyib ki, ofisdə pencəkdə oturur: "Daim hərəkət edirəm, amma yenə də üşüyürəm. Bir çox deputatın xəstəliyi səbəbindən parlamentin fəaliyyəti pozula bilər".
Rusiya mətbuatı isə Almaniya parlamentindəki “soyuq hava böhranı”nı ələ salıb.
Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Avropa ölkəsi sanksiyalar çərçivəsində Rusiyadan enerji asılılığını azaltmağa çalışır. Almaniyadan başqa, bir çox ölkə artan enerji böhranında bu qışı keçmək üçün çox sərt tədbirlər görüb.
Almaniyanın bir çox ictimai obyektlərində istilik cihazları, küçə işıqları söndürülüb, meydanlarda işıqların sayı azaldılıb.