ABŞ-ın Avropa Qüvvələrinin keçmiş komandanı general Ben Hodces BBC telekanalına Türkiyə ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması səbəbindən F-35 proqramından çıxarılmasından danışan amerikalı general Ankaraya sürpriz təklif verib.
Hodces Türkiyənin bu layihəyə qayıtması üçün ABŞ-ın şərtinin bu ola biləcəyini deyib:
“Bildiyimizə görə, S-400-lər qutularında gözləyir. Türkiyə bu addımından dönə, o sistemləri məsələn, Ukraynaya verə və F-35 proqramına qayıda bilər. Onda indiki vəziyyətdən çox fərqli durum yaranardı”.
Türkiyənin “Haber 7” saytına görə, ABŞ-ın bu təklifinə müsbət cavab verərsə, Ankara illərdir tutmağa çalışdığı və bir çox ölkəyə qarşı dik dayandığı mövqedən geri çəkilmiş olacaq:
“Bu raketlərin Rusiyanın müharibə vəziyyətində olduğu Ukraynaya çatdırılması birbaşa Türkiyə və Rusiyanı qarşı-qarşıya qoya, Prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin illərdir davam edən dostluq münasibətlərini tərsinə çevirə bilər. Nəticədə Rusiya Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına əngəl yarada və Türkiyəni təbii qaz sanksiyasına əlavə edə bilər.
Digər yandan, Hodcesin bu təklifinin bir də yunan tərəfi var. S-400-lər Ukraynaya verilərsə, Türkiyənin hava məkanının mühafizəsində böyük güc itirəcək. Hazırda Egey və Şərqi Aralıq dənizində Yunanıstanla yaşadığımız gərginliyi nəzərə alsaq, bu, Yunanıstanın Türkiyəyə qarşı bölgədə daha fəal rol almasına səbəb ola bilər. Bu dəyişən tənliklər nəticəsində Türkiyənin Mavi Vətəndəki uğurları və güclənməsi avropalılar və amerikalılar tərəfindən yenidən sorğulanmağa başlaya bilər. ABŞ bu addımı ilə nəinki Türkiyə ilə Rusiya arasında uzun illər davam edən dostluq münasibətlərinə zərbə vurmuş olacaq, həm də Türkiyəni Yunanıstan qarşısında zəiflətmiş olacaq”.