Kreml ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara hazır olması barədə açıqlamasına reaksiya verib.
Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın ilhaq edilmiş əraziləri tanımaqdan imtina etməsinin qarşılıqlı müzakirələr üçün zəmin axtarışını çətinləşdirdiyini deyib.
“Co Baydendən sitat gətirdiniz, onun bir neçə təklifi var. O bildirir ki, ilk növbədə Putin Ukraynanı tərk etməlidir. O hesab edir ki, bu, Putinin danışıqlara hazır olmasının nümayişi ola bilər. ABŞ hələ də yeni əraziləri Rusiya Federasiyasının bir hissəsi kimi tanımır və bu, qarşılıqlı müzakirələr üçün əsas tapmağı çətinləşdirir”, - Peskov bildirib.
Onun sözlərinə görə, Putin Rusiyanın maraqlarını təmin etmək üçün danışıqlara açıq olub və açıqdır.
“Məhz Rusiya prezidenti xüsusi hərbi əməliyyat başlamazdan əvvəl ABŞ, NATO və ATƏT-lə hazırlanmış layihələr əsasında danışıqlara başlamağa cəhd edirdi. Bu təşəbbüs qarşılıq tapmadı”, - Peskov vurğulayıb.