İngiltərənin “Daily Mail” qəzeti 2019-cu ildə Pakistan Baş naziri Şahbaz Şərifin Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentindən (DFID) Pakistanda zəlzələdən zərərçəkənlər üçün ayrılan vəsaiti mənimsəməsi ilə bağlı iddialarına görə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, qəzetin verdiyi açıqlamada 2019-cu ildə Pakistan Milli Hesabatlılıq Bürosunun (NAB) Şərifə qarşı apardığı araşdırma ilə bağlı xəbər dərc edildiyi bildirilib.
Açıqlamada qeyd olunan pulların arasında DFID-nin Pəncab əyalətinə bağışladığı pulların bir hissəsinin də olduğu qeyd edilib:
“Etiraf edirik ki, Şərif NAB tərəfindən Britaniyanın dövlət vəsaiti və ya DFID-in qrant yardımı ilə bağlı hər hansı qanunsuzluqda ittiham olunmayıb. Buna aydınlıq gətirməkdən məmnunuq və bu səhvə görə cənab Şərifdən üzr istəyirik”.
Qəzet həmçinin qeyd edib ki, sözügedən iddiaları ehtiva edən xəbərlər bütün platformalardan silinib.
“Daily Mail” qəzeti 2019-cu ildə dərc etdiyi xəbərdə Pakistan Baş naziri Şərif və ailəsinin zəlzələ qurbanlarına ayrılan pulları oğurladığını iddia edib.
Şərif 2020-ci ildə onun haqqında saxta və böhtan xarakterli xəbərlər dərc etdiyinə görə “Daily Mail” qəzetinə və onun müxbiri Devid Roza qarşı Böyük Britaniyanın Ali Məhkəməsində iddia qaldırıb.
DFID həmçinin zəlzələ qurbanları üçün bağışlanan pulların bir hissəsinin Şərif və ailəsi tərəfindən mənimsənilməsi ilə bağlı iddiaları da təkzib edib.