Belarus çətin ki, Ukraynaya qarşı müharibəyə girsin.
Teleqraf.com xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, bu baş versə belə, Belarus ordusu heç bir mühüm əməliyyat uğuru əldə edə bilməyəcək.
Analitiklər vurğulayırlar ki, Ukraynaya müdaxilə prezident Aleksandr Lukaşenkonu zəiflədə bilər.
“Lukaşenko 2020 və 2021-ci illərdə etirazları yatırmaq üçün Belarus təhlükəsizlik xidmətləri ilə yanaşı ordu bölmələrinə də güvənib. Bu təhlükəsizlik aparatının böyük hissəsini Ukraynadakı müharibəyə cəlb eləmək Lukaşenkonu yeni iğtişaş və müqavimət qarşısında qoya bilər. Lukaşenko da başa düşür ki, Ukraynaya müdaxilə onun suveren ölkənin lideri kimi nüfuzunu sarsıdar. Çünki Rusiyanın Belarus üzərində tam nəzarəti bərqərar etmək cəhdləri açıq-aydın görünür”, - hesabatda deyilir.
Amerikalı analitiklər onu da vurğulayırlar ki, Belarusun müharibəyə girməsi ən pis halda Ukraynanı qüvvə və texnikanı müvəqqəti olaraq hazırkı cəbhə xəttindən yayındırmağa məcbur edəcək:
“Lukaşenka Ukraynaya hücum üçün daha çox qoşun göndərsə belə, Belarus silahlı qüvvələri heç bir əhəmiyyətli əməliyyat uğuru əldə edə bilməyən kiçik bir qüvvə olaraq qalacaq”.
Analitiklərin proqnozuna görə, Belarus Ukrayna müharibəsində Rusiyaya köməyə davam edəcək, baxmayaraq ki, Lukaşenkonun hərbi əməliyyatlarda iştirak üçün ordu göndərmək ehtimalı azdır.