Türkiyənin Suriyanın şimalında əməliyyat hazırlığı ABŞ və Rusiyanın müqaviməti ilə üzləşərkən, Amerika “Sülh Çeşməsi” əməliyyatı zamanı öz qüvvələrini geri çəkdiyi Raqqada ilk hərbi bazasını qurmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, ABŞ qüvvələri noyabrda Raqqa yaxınlığındakı keçmiş 17-ci Diviziyanın zastavasının yerində hərbi kazarma və uçuş zolağı qurub.
Əvvəlki illərdə ABŞ qüvvələrinin mövcudluğu Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Əl-Tabaqadakı qərargahı ilə məhdudlaşırdı. ABŞ-ın Raqqada hərbi baza yaratmağa hazırlaşdığı xəbərinin Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli görüş təklifi verməsindən sonra gəlməsi diqqət çəkir.
İngiltərədə nəşr olunan “Əl-Qüds əl-Ərəbi” qəzeti ABŞ qüvvələrinin Suriyanın şimalında əvvəllər geri çəkildiyi bəzi bölgələrdə yenidən yerləşmək istədiyini yazır. Nəşrin iddiasına görə, ABŞ qüvvələri Fərat çayı sahilində, SDQ terror təşkilatının Raqqadakı qərargahı yaxınlığında hərbi baza qurmağa başlayıb.
“BAS News” saytı ABŞ-ın bu addımını Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlayacağı açıqlaması ilə əlaqələndirib. SDQ-dən bir mənbə isə sayta açıqlamasında iddia edib ki, Vaşinqton Türkiyəni yeni əməliyyat fikrindən daşındırıb.
“Amma bu məsələ hələ də açıqdır. Çünki SDQ bölgədə yeni müharibəyə hazırdır”, - mənbə sayta bildirib.
Bununla belə, “Əl-Qüds əl-Ərəbi”nin Raqqadakı mənbələri ABŞ qüvvələrinin Raqqada hərbi baza qurmağa başlaması ilə bağlı xəbərləri təsdiqləməyib və şəhərdə heç bir Amerika hərbçisinin olmadığını deyiblər.
Digər tərəfdən, Xazəm əl-Qəbra adlı şəxs qəzetə açıqlamasında Türkiyənin Suriyanın şimalında quru əməliyyatı təhdidləri artarkən, ABŞ qüvvələrinin Suriyadakı mövcudluğunu genişləndirə biləcəyini iddia edib:
“ABŞ-ın bu addımı Suriyanın şimal-şərqindəki hərbi vəziyyətlə bağlı Ankara ilə Moskva arasında istənilən razılaşmanın qarşısını almaq məqsədi ilə atılmış ola bilər. Əslində, son iki gündə ABŞ qüvvələri SDQ-nin nəzarətində olan ərazilərdə hərbi qüvvələrini gücləndirib”.