Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı (BMTİHK) Ukraynada müharibədə 6884 mülki vətəndaşın həyatını itirdiyini və onlardan 429-nun uşaq olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hesabatda 10 aydır davam edən Rusiya-Ukrayna müharibəsində mülki itkilərin və yaralananların sayı açıqlanıb.
Həyatını itirənlərin 2719-u kişi, 1832-si qadın, 429-u uşaqdır. 1904 nəfərin isə kimliyi müəyyənləşdirilməyib.
Ukraynadakı döyüşdə yaralananların sayı 10 min 947 olaraq açıqlanıb. Onlardan 2364 nəfəri kişi, 1709 nəfəri qadın, 800 nəfəri uşaqdır.
Hesabatda həlak olanların və yaralananların əksəriyyətinin ağır silahlardan istifadə nəticəsində baş verən partlayışlar olduğu bildirilib:
“Qeyd edilmiş mülki itkilərin əksəriyyəti ağır artilleriya, çoxlüləli reaktiv yaylım atəşi sistemləri, raketlər və hava zərbələri də daxil olmaqla geniş ərazi təsirinə malik partlayıcı silahların istifadəsi nəticəsində baş verib. Hesab edirik ki, faktiki rəqəmlər kifayət qədər yüksəkdir, çünki gərgin döyüş bölgələrindən məlumat almaq çətindir və bir çox hesabatlar hələ də təsdiqlənməyi gözləyir”.