1 ABŞ dolları 560 dram oldu
Ermənistanda milli valyutanın dəyərdən düşməsi qiymətlərin artımına səbəb olub.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki,yayılan məlumatlarda Yerevan ticarət mərkəzlərində şəkər tozunun qiymətinin maksimum həddə çatdığı bildirilir.
Yerli sakinlərin sözlərinə görə, mağaza sahibləri anbarlarda malların bitdiyini, yeni ehtiyatların isə gətirilmə müddətinin məlum olmadığını deyirlər: “Satıcılar hər gün qiymətləri qaldırırlar. Dünən günortaya kimi şəkər tozunu 360 drama alırdıqsa, bu gün həmin qiymət 400, 450 drama qalxıb. Ermənistana çox şey kənardan gətirilir. Dollarla alıb, dramla bizə verirlər. Satıcı bilmir ki, nə qiymət qoysun. Dramımız da ki bir səviyyədə dayanmır, az qala hər saat ucuzlaşır”.
Qiymətlərin bu həddə çatmasına əsas səbəb kimi Ermənistan milli valyutası – dramın son 10 ildə rekord səviyyədə ucuzlaşması göstərilir. Bir neçə saat ərzində ölkədəki qiymətlər 15,20, bəzən də 30-40 faiz bahalaşıb. Bu bahalaşma un məmulatlarına da ciddi təsir edib. Belə ki, unun qiyməti sutka ərzində 40 faizədək bahalaşıb. Çörəyin qiyməti isə növündən asılı olaraq, son iki həftədə 10-15 faiz bahalaşıb. Dramın ucuzlaşması səbəbindən Yerevan mağazalarında məişət texnikasının qiymətləri 30 faizədək artıb.
Dramın ucuzlaşması hələlik meyvə, tərəvəz və ət məhsullarına təsir etməyib.
Qeyd edək ki, bu gün Ermənistandakı valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 560, 1 avro 682-700, 1 funt sterlinq isə 750 drama dəyişdirilir.
Samir