28 Yanvar 2023 11:15
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın baş prokuroru Merrik Qarland İranın arxasında olduğunu iddia etdiyi sui-qəsd barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, Qarland olayla bağlı təqsirləndirilən 3 nəfərin məsuliyyətə cəlb edilməsini gözlədiklərini bildirib.

“Bu ittihamlar İran hökumətinin Amerika ərazisində İran əsilli ABŞ vətəndaşı olan jurnalist, yazar və insan haqları müdafiəçisini qətlə yetirmək cəhdləri ilə bağlı davam edən təhqiqatdan irəli gəlir”, - baş prokuror deyib.

Qarland İranın Şərqi Avropada cinayətkar şəbəkənin üzvü olan və İranla əlaqəsi olduğu iddia edilən Rafət Əmirovu qətlə görə sifariş etdiyini, Əmirovun isə cinayəti törətmək üçün Polad Omarov və Xalid Mehdiyevə yönəltdiyini iddia edib.

Mehdiyevin 2022-ci ilin iyulunda sözügedən jurnalistin Nyu-Yorkdakı evinin yaxınlığında silah-sursatla tutulduğunu deyən baş prokuror Omarovun ABŞ-a ekstradisiyası üçün işin davam etdiyini vurğulayıb.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrey isə deyib ki, təkcə son bir neçə ildə İranla əlaqəli şəxslərin pul üçün Amerikada uşaq xəstəxanasına hücum etdiklərini, keçmiş dövlət katibi Mayk Pompeoya və bir jurnalistə sui-qəsd cəhdi etdiklərini açıqlayıb.

“Əgər bu, İrandan Amerikadakı amerikalılar üçün təhlükənin nə qədər ciddi olduğunu göstərmirsə, başqa nə göstərir, bilmirəm”, - Vrey qeyd edib.

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan İran hökumətinin bütün dünyada iranlıların hüquq və azadlıqlarını müdafiə edən fəalları öldürmək, onlara işgəncə vermək və qorxutmaq səylərinin narahatedici olduğunu söyləyib. Sallivan ABŞ-ın İranın bu və digər yönlərdəki təhlükəli fəaliyyətlərinə imkan verməyəcəyini bildirib.

Qarland və Sallivan açıqlamalarında hədəfə alınan şəxsin adını çəkməsələr də, sözügedən jurnalistin 2021-ci ildə İran kəşfiyyatçıları tərəfindən qaçırılmaq istəndiyi iddia edilən Məsih Əlinejad olduğu güman olunur.


Müəllif: Mənsur Rəğbətoğlu