“Kreml başa düşür ki, Ukraynada məqsədlərinə çata bilməyəcək, ona görə də artıq danışıqlar üçün yalvarır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin rus ordusunun qarşısına Luqansk və Donetsk vilayətlərini tamamilə ələ keçirmək tapşırığını qoyub.
“İndi anlamağa başlayıblar ki, qarşılarına qoyduğu məqsədlərə nail olmaq üçün heç bir imkanları yoxdur. Ona görə də bu gün yalvarırlar. İndi müəyyən qruplarla çox çalışırlar ki, danışıqlara girə bilsinlər”, - Danilov bildirib.
Milli Təhlükəsizlik Şurasının katibi söyləyib ki, Ukrayna danışıqlar məsələsində Rusiyaya dörd tələb irəli sürüb:
“Birincisi, müvəqqəti işğal altında olan bütün ərazilərimizi azad etmək. İkincisi, bütün bunları edənləri, uşaqları, qocaları və qadınları qətlə yetirənləri məhkəmə qarşısına çıxarmaq. Üçüncüsü, ölkəmizin təhlükəsizliyinə təminatlar vermək mütləqdir. Dördüncü amil məsuliyyətlə bağlıdır”.