8 Fevral 2023 13:11
2 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kahramanmaraş vilayətində baş verən 7.7 bal gücündə zəlzələ 1961-ci ildə SSRİ tərəfindən həyata keçirilən dünyanın ən böyük nüvə partlayışı sınağına bərabər enerji buraxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti yazır.

Nəşr şiddətli zəlzələnin sürüşən fayda (qırılma xətti) olduğunu yazıb. Sürüşən fayda iki tektonik lövhənin yuxarı və aşağı deyil, üfüqi istiqamətdə hərəkət etdiyi vurğulanıb. Bildirilib ki, olay zamanı tektonik lövhələrdən biri şərqə, digəri qərbə doğru hərəkət edib. 7.7 bal gücündə zəlzələ sürüşən fayda baş verən ən güclü təkanlardan biridir.

Türkiyədə baş verən zəlzələ 2016-cı ildə İtaliyanın mərkəzi hissələrini vuran və 300 nəfərin ölümünə səbəb olan 6.2 bal gücündə zəlzələdən 250 dəfə çox enerji buraxıb.

Qəzet onu da yazıb ki, zəlzələnin baş verdiyi Şərqi Anadolu qırılma xəttində XX əsrdə böyük seysmik fəallıq olmayıb. Bu səbəblə fayda stress yığılmasının sıx olduğu qeyd olunub. Zəlzələdə Ərəb lövhəsi ilə Anadolu lövhəsi arasında təxminən 100 kilometrlik qırılma əmələ gəlib.

Türkiyədə baş verən 7.7 bal gücündə zəlzələnin 2010-cu ildə Haitidə baş verən və 316 min insanın ölümünə səbəb olan 7 bal gücündə zəlzələdən daha dağıdıcı olduğu qeyd edilib.

İngilis nəşrinə görə, şiddətli zəlzələ 1961-ci ildə Sovet İttifaqı tərəfindən həyata keçirilən dünyanın ən böyük nüvə partlayışı sınağına bərabər enerji buraxıb. Bir-birinin ardınca 7.7 və 7.6 bal gücündə iki zəlzələnin baş verməsinin nadir hal olduğu vurğulanıb.

1956-1961-ci illərdə nüvə silahlanma yarışı zamanı Sovet İttifaqı tərəfindən hazırlanan və Xirosimaya atılan atom bombasından 3300 qat daha güclü olduğu bildirilən “Çar bombası” dünyanın ən böyük hidrogen bombası kimi tanınır.

Partlayıcı gücü 50 milyon ton olan hidrogen bombası 1961-ci ilin oktyabrında Şimal Qütbü Dairəsində yerləşən Novaya Zemlya arxipelaqında 4 min metr yüksəklikdə aparılan sınaqda partladılıb. Bombanın partlaması nəticəsində əmələ gələn nəhəng alov və 60 kilometr yüksəkliyə çatdığı bildirilən göbələk formalı bulud kütləsi görünüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər