Qərb mediasında 2023-cü ildə beynəlxalq aləmdə problem yaradacaq münaqişələr barədə məqalələrin sayı artır. Bu kontekstdə Çin-Hindistan sərhədində gərginliyin artacağı iddia olunur. Müxtəlif illərdə Çin-Hindistan sərhədində toqquşmalar olub. Bu toqquşmalar sırasında hər iki tərəf itki verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri deyirlər ki, Çin-Hindistan sərhədinin dağlıq hissəsi ən gərgin bölgələrdən biridir:
“Hindistanda hesab edirlər ki, iki ölkənin sərhədçiləri arasında Himalay bölgəsində yenidən toqquşma ehtimalı var. Çin sərhədin bu hissəsində hərbi varlığını gücləndirir, ərazidə dağ yolları inşa edir. Hindistanda hazırlanan hesabatlarda toqquşmaların intensivləşəcəyi proqnozlaşdırılır. Bu toqquşmalar zamanı Çin hərbçilərinin irəliləyə biləcəyi vurğulanıb. Çin sərhədin dağlıq hissəsini Hindistanın içərilərinə doğru çəkməyə çalışır. Sərhədin dağlıq hissəsələri bufer bölgə sayılır.
Çin-Hindistan sərhədinin uzunluğu 3500 kilometrə yaxındır. Sərhədin dağlıq hissəsindəki mübahisə 1950-ci illərdən davam edir. 2020-ci ilin yay aylarında toqquşma zamanı 24 hərbçi həlak olub. Gərginliyin artmaması üçün hər iki ölkənin hərbçiləri və diplomatları şifahi razılıq əldə ediblər. Ancaq şifahi razılaşma müvəqqətidir. Təsadüfi deyil ki, iki il sonra sərhəddə yeni toqquşma baş verib. Doğrudur, bu zaman tərəflər itki verməyiblər, ancaq münaqişənin gələcək illərdə davam edəcəyi qorxusu var”.
Mərkəzin ekspertləri qeyd edirlər ki, aradakı gərginliyə baxmayaraq, Çin və Hindistan müxtəlif platformalarda əməkdaşlıq edir:
“Məsələn, hər iki ölkə həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) üzvüdür. Buna rəğmən, Hindistanda min nəfər arasında aparılan sorğu zamanı 43 faiz hindli ölkəsi üçün Çini ən böyük təhlükə kimi qiymətləndirib”.