“Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilir.
Mərkəzin ekspertlərinin fikrincə, ABŞ Çini Hindistanla əvəz etmək istəyir:
“Vaşinqton Dehli ilə əlaqələri genişləndirməyə çalışır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanla hind həmkarı Adcit Doval arasında Vaşinqtonda keçirilən görüşdə hərbi əməkdaşlığın genişləndiriməsi yolları müzakirə olunub. Tərəflər superkompüterlər və yüksək texnologiyalar sahələrində əlaqələrin genişlədirilməsinin vacib olduğunu bildiriblər. ABŞ Prezidenti Co Bayden və Hindistan Baş naziri Narendra Modi bundan əvvəl də bu barədə razılığa gəlmişdilər.
“Nyu-York Tayms” Ağ Evin vaxtilə bu sahələrdə Çinlə əməkdaşlığa üstünlük verdiyini yazır. Həmin dövr geridə qaldı. Hazırda Çin və ABŞ yüksək texnologiyalar sahəsində rəqib ölkələrdir. Vaşinqton müxtəlif texnologiyaların istehsalında liderliyin Çindən Hindistana keçməsinə çalışır. Bu, asan olmayacaq. Çin yarımkeçiricilərin istehsalında liderliyini qoruyur.
Digər tərəfdən, Çin az qala dünyanın yarısına 5G texnologiyalarını ixrac edir. Çini bu sahədə sıxışdırmaq çətin olacaq.
Buna baxmayaraq, ABŞ-ın böyük şirkətləri Çindən Hindistan və Vyetnama köçməyə başlayıblar. Ancaq həmin şirkətlər bəzi problemlərlə üzləşiblər. Hindistan və Vyetnamda istehsalı artırmaq üçün müasir infrastruktur yaradılmalıdır, şirkətlər bürokratik əngəllərlə üzləşməməlidirlər”.
Mərkəzin ekspertləri deyirlər ki, ABŞ süni intellektin yaradılması fəaliyyətlərində də Hindistanla əlaqələri genişləndirməyə çalışır:
“Bundan başqa, iki ölkə hərbi texnika üçün birgə mühərrik istehsalına başlamağı nəzərdə tutur. Bu işə Amerikanın məşhur “General Electric” şirkəti cəlb olunacaq. ABŞ Hindistan vətəndaşlarına tətbiq etdiyi viza sistemini yumşaltmalıdır. Çünki hazırkı məhdudiyyətlə proqram tərtibatçısı olan hindlilər ABŞ-da çalışa bilmirlər.
Vaşinqton Dehli ilə hərbi əməkdaşlığın qarşılığında Hindistanın Rusiyadan hərbi texnika alışını azaltmasını istəyir. Bunun üçün Hindistan-ABŞ hərbi əməkdaşlığı o səviyyədə genişlənməlidir ki, Dehli eyniadlı hərbi texnikanı ABŞ-dan ala bilsin. Hindistan mikroçiplərin istehsalı məsələsində Amerikadan dəstək gözləyir”.