“Əslində, Çin Rusiyaya hərbi texnika satmağa hazırlaşmır, sadəcə çinli rəsmilər Qərbin Çinə nəyisə qadağan etməsini doğru saymırlar”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Təhlildə Çinin Rusiya və Qərblə münasibətlərindəki son duruma diqqət çəkilir:
“Çin xarici işlər naziri Van Yi Rusiyaya səfəri zamanı həmkarı Sergey Lavrov və Kreml sahibi Vladimir Putinlə görüşüb. Çinli diplomatın Moskvada ən yaddaqalan açıqlaması bu oldu: “Çin və Rusiya strateji qərarlılığa və çoxqütblü dünyaya sadiqdir”.
Van Yi Moskvadan əvvəl Avropa ölkələrində olub. Brüsseldə olarkən Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Jozef Borrelə belə bir sual verib: “Qərb Ukraynaya hərbi texnika satarkən, Çinə Rusiyaya hərbi texnika satmağı niyə qadağan etmisiz?”.
Aydındır ki, bu sualı səsləndirən çinli diplomat Kremldə yüksək səviyyədə qarşılanıb və onunla geniş fikir mübadiləsi aparılıb. Əslində, Çin Rusiyaya hərbi texnika satmağa hazırlaşmır, sadəcə çinli rəsmilər Qərbin Çinə nəyisə qadağan etməsini doğru saymırlar.
Kreml Çindən arxayındır. Buna baxmayaraq, Pekin Moskvanı başa salmağa çalışır ki, Ukraynada müharibənin davamı Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaradıb. Bu, Çin iqtisadiyyatı və ticarət əlaqələrinə mənfi təsir edib.
Pekin Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşmək istəmir. “Blumberq” agentliyinin məlumatına görə, Çin lideri Si Cinpinin müharibənin dayandırılmasıyla bağlı təklifləri var”.
Mərkəzin ekspertləri hesab edirlər ki, Pekinin sülh təklifləri reallaşmayacaq:
“Çünki bu təkliflərin içərisində Ukraynaya silah və hərbi texnikanın verilməsinin dayandırılması bəndi də var. Bunun reallaşması mümkün deyil. Kremlin özü də Pekinin təkliflərinə maraq göstərmir. Kremlin Pekindən əsas istəyi iki ölkənin birgə səyləri ilə Amerikanın hegemonluğuna son qoyaraq çoxqütblü dünya formalaşdırmaqdır. Pekin çoxqütblü dünyanın formalaşdırılmasının tərəfdarıdır, ancaq Kreml kimi Qərblə açıq qarşıdurmanın əleyhinədir”.