Ukraynalı hərbi ekspert Oleq Jdanov Çeçenistan rəhbəri Ramzan Kadırovun zəhərlənməsi iddiası ilə bağlı onun xarici görünüşündəki kəskin dəyişikliyi şərh edib.
Teleqraf.com xəbər verir ki, Jdanov Kadırovun həqiqətən də Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən zəhərləndiyini deyib.
“Bəzi əlamətlərə görə kəskin böyrək çatışmazlığı var, bu da çəkinin kəskin artmasına və bədənin şişməsinə səbəb olur. Yeri gəlmişkən, ötən həftə Moskvaya reanimasiya ilə təchiz olunmuş tibbi təyyarə gəlib. Üstəlik, müharibə zamanı Avropa bu təyyarənin öz hava məkanında uçuşuna icazə verib”, - ekspert bildirib.
Onun sözlərinə görə, təyyarə Belarus üzərindən Moskvaya enib, daha sonra Nürnberqə (Almaniya) - Avropanın ən böyük tibb universitetinə uçub: “Çox güman ki, Kadırov orada qeyri-standart üsullarla müalicə olunur. Müəssisənin spesifikliyi tibbi protokolun normalarından kənara çıxmağa imkan verir. Həmin universitet bununla tanınır”.
Jdanov iddia edir ki, Kadırovun “yoxa çıxmasından” sonra onun Ukraynadakı dəstəsi də qeybə çəkilib:
“Belə bir ehtimal da var ki, Kadırov uzaqlaşdırılıb. Əvvəl də demişdim ki, o, Rusiyanın bir bölgəsinin sıravi regional lideri kimi Rusiya Qvardiyasına komandanlıq etmək iddiası ilə federal sistemi məhv edir. Baxın, onunla birlikdə “Kadırovçular” da yoxa çıxıb. Çünki onlar Rusiyanın sıravi hərbçiləridir. Onlar heç yerə getməyiblər, öz tapşırıqlarını yerinə yetirirlər, bizim ərazimizdə döyüşürlər, ancaq liderləri itib”.