Hindistan, Avstraliya və Yaponiya Çinə qarşı birliyi gücləndirməyə qərar veriblər. Avstraliya Baş naziri Entoni Albaneze Hindistana səfər edərək, həmkarı Narendra Modi ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib. Yaxın günlərdə Yaponiya Baş naziri Fumio Kişidanın da Dehliyə səfəri planlaşdırılıb. Bu ölkələr ABŞ birlikdə QUAD adlı dördtərəfli dialoq formatı yaradıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, format Çinin bölgədə artan gücünə qarşıdır. Təşkilat mayın 24-də zirvə toplantısına hazırlaşır:
“Hindistanla Avstraliya arasında hər il sammit keçirilir. Baş nazirlər görüşür və fikir mübadiləsi aparırlar. “Böyük İyirmilər”in (G20) hazırkı sədri kimi Hindistan Avstraliya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır. Avstraliya baş naziri Hindistanla əlaqələrin möhkəmlənəcəyinə ümidlidir.
Hindistan kimi Avstraliya da ordusunu gücləndirir. Avstraliya “Boeing” şirkətindən 29 “Apache” markalı hərbi helikopter alınmasıyla bağlı müqavilə imzalayıb. Bu helikopterlər ən müasir avadanlıqlarla təhciz olunub. Bundan başqa, Avstraliya hərbi təyyarələri və gəmiləri üçün raketlər, tank və müxtəlif zirehli texnikalar da alıb. ABŞ və Böyük Birtaniya ilə əməkdaşlıq çərçivəsində sualtı nüvə gəmiləri istehsal etməyə başlayacaq. Bu əməkdaşlıq formatı isə ölkələrin baş hərflərinə uyğun olaraq AUKUS adlanır.
Bu arada, ABŞ Sakit-Hind okeanı bölgəsində hərbi gücünü artırıb. Bölgədəki müxtəlif tərəfdaşları ilə iki və çoxtərəfli əsaslarda hərbi təlimlər keçirir. Son təlimlər Yaponiya sahillərində baş tutub. Çünki son vaxtlar Çin Rusiya ilə birgə Yaponiya sahillərinə yaxın ərazilərdə hərbi təlimlər keçirib. Bundan başqa, Şimali Koreya Yaponiya sahillərinə yaxın ərazilərdə raket sınaqları keçirir. Bu, Tokio və müttəfiqlərini ciddi narahat edir. Ona görə də bölgə ölkələri birgə hərbi təlimlər vasitəsilə Çin, Şimali Koreya və Rusiyaya ciddi mesaj göndəriblər”.
Təhlildə vurğulanır ki, Pekin Çinə qarşı yaradılan siyasi-hərbi birliklərin uğursuzluğa düçar olacağı qənaətindədir:
“Pekin bölgənin hərbiləşdirilməsinin əleyhinə çıxsa da, özü bölgədə hərbi gücünü artırıb, okeanlara yeni gəmilər buraxıb. Çinin hərbi gəmiləri Tayvan və Yaponiya sahillərinə yaxın ərazilərdə üzürlər.
Çinin bu il üçün hərbi büdcəsini 7 faiz artırması bölgə ölkələrini narahat edir. Bu, 225 milyard dollardır. Məsələn, Hindistanın hərbi büdcəsi 73 milyard, Avstraliyanın hərbi büdcəsi 48 milyard, Yaponiyanın hərbi büdcəsi isə 51 milyard dollardır. Göründüyü kimi, Çinin hərbi büdcəsi bu ölkələrin birgə hərbi büdcəsindən çoxdur”.