16 Mart 2023 19:58
5 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Prezidenti Sauli Ninistö sabah Türkiyəyə səfəri zamanı ölkəsinin NATO-ya üzvlüyünün təsdiqini gözlədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə İngiltərənin “Röyter” xəbər agentliyinə danışıb.

“Prezident Ərdoğanın Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləməyə qərar verdiyini bilirik. Sözünün üstündə durmaq üçün iki prezident kimi bir araya gəlməyimizi istəyir”, - Ninistö deyib.

Əslində, Türkiyə Finlandiyanın üzvlüyünü əvvəldən dəstəkləyir. Amma Finlandiya və İsveç eyni vaxtda üzv olmaq istədiklərini bildirirdilər. İsveç Madriddə imzalanan və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədikdən sonra Finlandiya İsveçi gözləmədən alyansa üzv olmaq istəyini açıq şəkildə müzakirə etməyə başlayıb. İsveç Baş naziri Ulf Kristersson da Finlandiyanın ölkəsindən əvvəl NATO-ya üzv olma ehtimalının artdığını etiraf edib.

Ankara danimarkalı siyasətçi Rasmus Paludanın yanvarda Türkiyənin Stokholmdakı səfirliyi binası qarşısında Quranı yandırması və PKK/YPG terror təşkilatı tərəfdarlarının İsveçdə Ərdoğanı hədəfə alan təxribatçı addımlarından sonra üçtərəfli danışıqlar qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Madriddə imzalanan anlaşma İsveç və Finlandiyadan terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı artırmağı, Türkiyəni hədəfə alan terror təşkilatlarının, xüsusilə PKK-nın terrorla əlaqəli hər cür fəaliyyətinin qarşısını almağı və terrorçuların Ankaraya ekstradisiyasını ehtiva edir.

Türkiyə Finlandiyanın bu məsələlərdə addımlar atdığını, amma İsveçin alyansa qoşulma nöqtəsinə çatmadığını bildirərək, mayın 14-də keçiriləcək prezident və parlament seçkilərindən sonrakı dövrə işarə edir.

Hər iki ölkə NATO-nun iyulda Litvada keçiriləcək sammitində NATO-ya üzv olmaq istəyir. Amma Türkiyə ilə yanaşı, Macarıstan da onların üzvlüyünü ratifikasiya etməyib.

Finlandiya düyününün sabah keçiriləcək Ərdoğan-Ninistö görüşündə həll olunacağı gözlənilir. İsveçin üzvlüyünün isə hələlik qeyri-müəyyən olduğu görünür. Finlandiyanın üzvlüyünün aprelin ortalarında Türkiyə parlamentdə ratifikasiya olunacağı ehtimalı yüksəkdir.

Prezident Ərdoğan bundan əvvəl Finlandiyanın NATO üzvlüyü ilə bağlı belə demişdi: “Üzərimizə düşəni edəcəyik, sözümüzü tutacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər