İYİ partiya sədri Maral Akşənərin “qumar masası”na bənzətdiyi “Altılıq Masası”ndan ayrıldıqdan sonra üzləşdiyi təhqir və təhdid kampaniyası bu dəfə Məmləkət partiyasının rəhbəri Məhərrəm İncə üçün başladılıb.
Teleqraf.com xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu və Prezident Tayyib Ərdoğandan sonra İncənin prezidentliyə namizəd olması müxalifət blokunda təşviş yaradıb.
“Altılıq Masası”nın lehinə namizədliyindən vaz keçəcəyi gözlənilən Məmləkət liderinin bu addımı atmaması bloku çətin duruma salıb. “Masa” İncənin yarışa girməsi ilə səslərin bölünəcəyindən və bunun AKP və Ərdoğanın işinə yarayacağından ehtiyatlanır.
Kılıçdaroğlunu dəstəkləyən məşhur pianoçu Fazıl Say 24 saat ərzində 120 mindən çox imza toplayan İncəni “tənha qorilla”ya bənzədərək, təhqir edib.
Məhərrəm İncənin namizədliyi və son mesajları sosial şəbəkələrdə CHP və Kılıçdaroğluna dəstək çağırışı edənləri əndişləndirib.
İnce bu gəlişmədən sonra Tvitter hesabında paylaşım edib: “Şüşə malikanələrdə yaşayanlar, şüşə malikanələrdən çıxmayanlar, salon siyasətçiləri, oturduqları yerdən mənə qarşı tvit yazan sənət adamları! Siz bunları görmüsünüzmü? Bu çətinlikləri görmüsünüzmü? Boğazda viski içərkən ölkəyə yol göstərənlər”.
CHP-nin “Halk” telekanalının aparıcısı İsmayıl Saymaz da İncənin seçkidə uduzacağı təqdirdə küçəyə belə çıxa bilməyəcəyini iddia edib: “İyunun 24-də və mayın 14-də keçiriləcək seçkilərin ikinci turunda uduzacağı təqdirdə İncə küçəyə çıxa bilməyəcək. Beş il 24 iyun haqda danışa bilmədi. 14 may tarixini ömrünün sonuna kimi danışa bilməyəcək”.
“Masa”ya dəstəyi ilə seçilən “Leman” nəşri də Məmləkət sədrini hədəfə alıb. “İkinci tura qalsam, 60 faiz səslə prezident seçiləcəm” deyən İncəni aşağılayan nəşr onun “möcüzələr ölkəsində” olduğunu yazıb.
İncənin namizədliyi aktyor Şahan Gökbakarı da qəzəbləndirib. Tvitterdə partiya sədrini hədəfə alan Gökbakar AKP-nin İncəyə 100 min imza toplamaqda kömək etdiyini iddia edib.
“Masa”ya yaxınlığı ilə seçilən isimlər İncənin CHP-yə dönməsi üçün cəhdlər etmişdi. Kılıçdaroğlunun namizədliyi bəlli olduqdan sonra CHP rəhbərliyi sosial-demokratların keçmiş liderləri Hikmət Çətin, Murad Karayalçın və Altan Öymən vasitəsilə İncə ilə təmasa keçmişdi. Məhz bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra Məmləkət sədri “Masa”nın hədəfinə çıxarılıb.