Rusiya SSRİ-nin dağılmasından sonra zəifləyən Avropadakı casus şəbəkəsini bərpa etmək üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti yazır.
Amerika nəşri bildirir ki, Moskva öz hərbi kəşfiyyatının əvvəlki gücünü bərpa etmək istəyir.
“Hazırda Xarici Kəşfiyyat Xidmətinin aqressiv şəkildə casus şəbəkəsini bərpa etməyə çalışdığına dair çoxsaylı sübutlar var. Xüsusən də Qərbin Kiyevə hərbi yardımını nəzərə alsaq, bu, Kremlə hava-su kimi lazımdır”, - məqalədə deyilir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 400-dən çox kremlpərəst casus saxlanılıb və ya Avropadan deportasiya edilib. Məlumata görə, rus casuslar Rusiyanın xeyrinə öz fəaliyyətləri ilə məşğul olmaqla yanaşı, yerli sakinləri də öz sıralarına cəlb ediblər.
Məsələn, Finlandiyada bir il ərzində iki dəfə ölkədəki rus agent şəbəkəsinin azaldığını açıqlayıb. “Gizli diplomatlar” adlanan şəxslərin ölkədən çıxarılması ilə yanaşı, onları əvəz etməli olanlara da viza verilməyib.
Qəzet yazır ki, Rusiya üçün mühüm hədəf Avropanın kritik infrastrukturu haqda məlumat toplamaqdır. Litvanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Dariuş Yaunişkis deyir ki, prioritet Ukraynaya Qərb silahlarının istehsalı və tədarükünə nəzarət etməkdir.
“Politico” qeyd edir ki, Rusiya casuslarının Avropada silsilə həbsləri Moskvanın NATO-nun müdafiə obyektləri və hərbi planları haqda mümkün qədər çox məlumat əldə etmək niyyətini göstərir. Bundan əlavə, tapşırıqlara öz vəzifələrini yerinə yetirmək üçün izləmək və öyrətmək daxildir.
Fevralda “Washington Post” qəzeti yazıb ki, Rusiya casus şəbəkəsinin Qərb ölkələri tərəfindən zəiflədilməsi Kreml üçün sürpriz olub. Rus agentlərinin sıradan çıxarılması “soyuq müharibə”dən bəri Kreml üçün ən böyük itki olub.
Martın 16-da Polşada Moskvaya işləyən bütöv bir casus şəbəkəsi ləğv edilib. Şəbəkənin kritik infrastruktur haqda məlumat topladıqları müəyyən olunub. Həmin ay Finlandiya Təhlükəsizlik Xidməti də bir qrup rus agentini saxlayıb.
Moskva SSRİ dövründə bir sıra ölkələrə qarşı casuslardan aktiv şəkildə istifadə edib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) xüsusən də qadın casusları bütün dünyada məşhur idi.