Ukrayna ordusu qarşıdan gələn əks-hücum üçün 400 000-ə qədər şəxsi heyət toplayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Vaqner” silahlı qrupunun lideri Yevgeni Priqojin deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri təxminən bir həftə sonra hücuma keçəcək.
“Bir həftə sonra ukraynalılar hücuma başlamalıdır. İndi başlamırlar, torpağın tam qurumasını gözləyirlər. Ola bilsin ki, əlavə hərbi yardım - raketlər, zirehli texnikalar gəlməlidir. 200, bəzi mənbələrə görə, 400 minə qədər şəxsi heyət toplanıb”, - Priqojin bildirib.
“Vaqner” lideri qeyd edib ki, Ukraynanın bu hazırlığı ciddiyə alınmalıdır. Priqojin buna cavab olaraq böyük həcmdə döyüş sursatının istehsal olunaraq cəbhəyə çatdırılmasının zəruriliyindən də danışıb. Priqojin həmçinin Bryansk, Kursk və Belqorod vilayətlərinin sərhədlərinin bağlanmasını istəyib.
“Vaqner” lideri Rusiya cəmiyyətini sakitləşdirmək cəhdlərinə görə hərbi komandanlığı tənqid edib: “Problemi gizlədə bilməzsiniz, düşmən ciddi və yaxşı hazırlıqlıdır. Bu gün gedib Rusiya sərhədlərinə çatsa, vəziyyət o qədər də yaxşı olmayacaq, durum əks istiqamətdə dəyişə bilər. Cəbhənin bütün istiqamətlərində buna yol verə bilmərik”.
ABŞ dövlət katibi Entoni Blinken isə deyib ki, tərəfdaşları Ukraynanın gələcək əks-hücumunu və ərazilərini geri qaytarmasını dəstəkləmək üçün hər şeyi etməyə hazırdır.