İranın keçmiş prezidenti Həsən Ruhani 2024-cü ildə ölkədə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə ayətulla rejiminin “Təsnim” xəbər agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, sabiq dövlət başçısı yenidən aktiv siyasətə qayıtmaq qərarına gəlib və islahatçıları seçkilərə aparmağa hazırlaşır.
Ruhaninin qayıdışının ilk addımlarından biri xatirələrinin nəşri olacaq. Siyasətçi həmçinin bir sıra görüşlər keçirəcək, xüsusən də ölkənin xarici siyasət yolu ilə bağlı sualları cavablandıracaq.
Eyni zamanda agentliyin mənbələri iddia edir ki, Ruhaninin komandası dəstəklərinə arxalana biləcəyi seçki bloklarının siyahısını nəzərə alaraq plan hazırlayır.
“Təsnim” Həsən Ruhanini “İranın son illərdə ən yararsız liderlərindən biri” adlandırıb. Məlumatda eks-prezident ölkənin üzləşdiyi ağır iqtisadi-sosial duruma görə ittiham edilib.