19 Aprel 2023 13:49
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun bir müddət əvvəl Çinə səfəri ABŞ-ın siyasi və ekspert dairələrində müzakirə predmeti olaraq qalır. Vaşinqton bu səfərin Qərbin xeyrinə olmadığı və fayda vermədiyi qənaətindədir. Vaşinqtonda hesab edirlər ki, Fransa prezidenti Çinə güzəştə getməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri Fransa liderinin səfəri ilə bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkirlər:

“Makron Çinə səfərini yekunlaşdırdıqdan sonra Tayvan mövzusunda mübahisəli müsahibə verərək, ABŞ-ın müttəfiqi olmağın “vassal olmaq” anlamına gəlmədiyini söyləyib: “Müttəfiq olmaq vassal olmaq demək deyil”.

Makron həmçinin deyib ki, Fransa Tayvanda mövcud status-kvonun tərəfdarıdır və vəziyyətin sülh yolu ilə həllinə çalışır. O, bununla demək istəyib ki, Fransa və digər Avropa ölkələri ABŞ-ın Tayvan məsələsində Çinlə qarşıdurmanın tərəfdarı olmamalıdır. Halbuki Makronun Pekinə səfərinin məqsədi Çini Rusiyaya dəstəktən imtinaya dəvət etmək olmalı idi. Makron isə Pekindən geri döndükdən sonra Ukrayna əvəzinə, Tayvandan danışıb. Si Cinpin fransalı həmkarı ilə geniş fikir mübadiləsi aparsa da, Ukrayna məsələsində əvvəlki mövqeyindən geri çəkilməyib.

Maraqlıdır ki, Makron Pekindən qayıtdıqdan sonra Çini deyil, ABŞ-ın siyasətini tənqid etməyə başlayıb.

Fransa prezidenti Avropanın ABŞ-la bərabərhüquqlu münasibətlərinin qurulmasının tərəfdarı kimi çıxış edib. Bu o deməkdir ki, Makron ABŞ-ın Avropadakı hegemonluğunu qəbul etmir, o, Avropanın güc mərkəzinə çevrilməsinin tərəfdarıdır. Fransa prezidenti hesab edir ki, bunun üçün zaman yetişib”.

Təhlildə vurğulanır ki, Makronun son açıqlamaları ABŞ-ın siyasi dairələrində böyük narazılıq yaradıb:

“ABŞ-ın keçmiş prezidenti Donald Tramp Makronu aşağılamaqdan belə çəkinməyib. Respublikaçı senator Marko Rubio isə Makrona məsləhət görüb ki, Avropa ABŞ-ın dəstəyi olmadan Ukraynanı dəstəkləsin.

Fransanın keçmiş liderləri də Avropanın ABŞ-dan uzaqlaşmasını dəstəkləyirdilər. Ancaq heç bir nəticə əldə etmədilər. Çünki İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən formalaşmasında, iqtisadiyyatının bərpasında və təhlükəsizlik sisteminin qurulmasında ABŞ-ın müsətsna rolu olub və Vaşinqton bu rolundan imtina etmək istəmir.

Digər tərəfdən, Avropa ölkələri Amerikasız keçinə bilmirlər. Məsələn, 1990-cı illərin əvvəllərində keçmiş Yuqoslaviyada müharibə başlayanda Avropa ölkələri aciz qaldılar, ABŞ qarışdıqdan sonra vəziyyət sabitləşdi. Elcə də, Avropa ölkələrinin bir qismi Fransa prezidentinin təklfiləri ilə razı deyil. Məsələn, Polşa ABŞ-la strateji tərəfdaşlıqdan imtina etməyi planlaşdırmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər