Çin ilin əvvəlində Rusiyanın “Vaqner” qrupunu silahla təmin etməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatına istinadla “Financial Times” qəzeti yazır.
Məqalədə Pentaqonun mediaya sızan gizli sənədlərinə istinad da var. Məlumata görə, “Vaqner” lideri Yevgeni Priqojin ilin əvvəlində Çindən sursat və avadanlıq istəyib.
Nəşr hesab edir ki, Çinə birbaşa müraciəti Priqojinin Pekinin Rusiyaya silahla kömək etməyə hazır olduğuna əmin olduğunu göstərir. Bununla belə, Çin indiyədək “Vaqner”ə silah ötürməyib, ümumiyyətlə, bu məsələni Priqojinlə müzakirə etməyib.
“Financial Times” Çindən fərqli olaraq, Suriya və Belarusun “Vaqner” liderinin müraciətinə müsbət cavab verdiklərini iddia edir. Həmin iddiaya görə, Belarus yanvarda vəd edilən silahın yarısını artıq çatdırıb. Hətta “Vaqner” VOG-17 qumbaraatanları üçün əlavə 300 min patronun tədarükü üçün sifariş verib.
Suriyadan tədarükün həcmi isə kiçikdir: 6 ədəd LNG-9 qumbaraatanları və 180 qumbara.
Bundan başqa, sənəddə Priqojinin Türkiyədən silah almağa çalışdığı iddia olunur. “Vaqnerçilər” xüsusilə pilotsuz uçan aparatlar (PUA), elektron döyüş sistemləri, haubitsalar və digər hərbi avadanlıqlarla maraqlanıblar. Amma “Vaqner”in istək və ya təklifləri Türkiyə tərəfindən rədd edilib.