Ukraynada keçirilən sosioloji sorğunun nəticələri Rusiyaya münasibətdə bir sıra maraqlı məqamları aşkara çıxarıb. Anonimlik prinsipinə əməl olunmaqla keçirilən çoxpilləli sorğu nəticəsində bəlli olub ki, hətta bu ölkədə etnik rusların və rusdilli əhalinin mütləq əksəriyyəti Rusiya ilə birləşməyin birmənalı şəkildə əleyhinədir.
Belə ki, "qədim rus" şəhəri sayılan Odessada Rusiyaya birləşmənin tərəfdarları 0,0% olub. Rusların nisbi çoxluq təşkil etdiyi Xerson vilayətində də oxşar nəticələr qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, Ukrayna vətəndaşlarının əksəriyyəti (88,3%) Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsinə qarşı çıxır, respondentlərin 3,1% isə bu ideyanı dəstəkləyirlər. ZN.UA-nın sifarişi üzrə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu tərəfindən keçirilmiş sosioloji tədqiqatın nəticələri bunu bilavasitə təsdiqləyir.
Siyasi sosioloqlar tədqiqatın gedişində ölkənin müxtəlif bölgələrində vətənpərvərlik hissinin dinamikasını da öyrəniblər. Maraqlıdır ki, paytaxt Kiyev və yaxın bölgələr istisna olmaqla, ölkənin qərbindən şərqinə doğru vətənpərvərlik hissinin bir qədər aşağı düşməsi müşahidə edilib. Qərbdə bu göstərici 94,0%, Mərkəzdə 98,1%, Cənubda 93,3%, Şərqdə 81,5% olub.
Nail Cəlil