Hollandiyada səfərdə olan Prezident Vladimir Zelenski Haaqada çıxışı zamanı Ukraynanın bu müharibədə qələbə qazanacağına əmin olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı qələbədən sonra dünyanın Rusiya Prezidenti Vladimir Putini müttəhim kürsüsündə görə biləcəyini iddia edib.
“Əlbəttə, indi hamımız burada başqa bir Vladimiri (Putini) görmək istəyirik. Onu Haaqada görmək istəyirik. Cinayət əməllərinə görə mühakimə olunmalı olanı... Əminəm ki, biz qalib gələndə bu baş verəcək və biz qalib gələcəyik”, - Zelenski bildirib.
Zelenskinin fikrincə, İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətlərə görə Üçüncü Reyxin nümayəndələrinə qarşı keçirilən Nürnberq məhkəməsi təcrübəsini yeni reallığa çevirmək lazımdır:
“Biz belə bir tribunalın yaradılmasının tərəfdarıyıq. Biz bu cür təcavüzün təkrarlanmamasının təminatı kimi təcavüz cinayətinə görə məcburi cəzalandırma ənənəsini davam etdirmək istəyirik. Əgər ədalət istəyiriksə, bəhanə gətirməməliyik, beynəlxalq hüququn nöqsanlarına istinad etməməliyik. Bunun əvəzinə beynəlxalq hüquqdakı mövcud qüsurları düzəldəcək cəsarətli qərarlar qəbul etməliyik”.
Zelenskinin sözlərinə görə, indi məhz bunu etmək lazımdır:
“Övladlarımız və gələcəyimiz naminə təslim ola bilmərik. Mən dünyanı qorxmamağa çağırıram. Bu, bizim tarixi məsuliyyətimizdir, yeni nəslin məsuliyyətidir. Təcavüzkarı cinayətlərinə görə cəzalandırmalıyıq, dünya özünü tam təhlükəsiz hiss etməlidir”.