Rusiya Hindistanın ondan ucuz neft ala biləcəyi valyuta ilə bağlı razılığa gələ bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” Agentliyi məlumat yayıb.
Məlumata görə, Moskva rupi (Hindistan valyutası) ilə ödənişdən imtina edib. Hazırda Hindistan və Rusiya məsələni həll səylərini dayandırıb.
Rusiyadan ucuz neft və kömür idxal edən hindistanlılar valyuta konvertasiyası xərclərini azaltmaq üçün rupi ilə daimi ödəniş mexanizmini saxlamağa çalışırlar. Moskva isə hesab edir ki, rupi ehtiyatının yığılması arzuolunmazdır, çünki rupi tam konvertasiya olunan valyuta deyil.
Rusiya və Hindistan yerli valyutalarla ticarət məsələsini müzakirə etsələr də, prinsiplər rəsmiləşdirilməyib.
Rusiya ödənişi rupi ilə deyil, Çin yuanı və ya digər valyutalarla etmək istədiyini bildirib.
Ukraynaya qarşı müharibəsindən sonra əksər ölkələr Rusiyadan neft tədarükünü dayandırdıqdan sonra Hindistan Çinlə rus “qara qızıl”ının əsas alıcılarına çevrilib.
Hindistan neftin ucuzluğundan istifadə edərək, rekord həcmdə satın alıb və Rusiyanı İraq və Səudiyyə Ərəbistanından sonra əsas təchizatçı səviyyəsinə yüksəldib.