Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncənin seçkiyə 3 gün qalmış geri çəkilməsi ilə nəticələnən kaset skandalı CHP-nin qara ləkəsinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Dəniz Baykalın seksual görüntülərinin yayılmasından sonra istefa verməsiylə Kamal Kılıçdaroğlunun liderliyi ələ keçirdiyi CHP-də “ikinci kaset skandalı” olaraq tarixə düşən olayda Məhərrəm İncə də oxşar iddialar qarşısında geri çəkilib.
“45 gün yaşadığımı 45 ildə yaşamadım” sözləri ilə aparılan qarayaxma kampaniyasına vurğu edərək geri çəkildiyini açıqlayan İncə CHP-çilər tərəfindən Kılıçdaroğlunun səslərini parçalamaqda ittiham edilirdi.
İncənin geri çəkilməsinə səbəb olan məsələ ilə bağlı ilginc iddia irəli sürülüb. “Odatv” xəbər saytı Məhərrəm İncə ilə əlaqəli saxta görüntülər paylaşan şəxsin FETÖ fərarisi Mətin Gülər olduğunu iddia edib.
Türkiyədən qaçaraq Almaniyada yaşayan Gülərin Kılıçdaroğlunun həmyerlisi olduğu üzə çıxıb. FETÖ fərarisinin Tuncəli vilayətinin Ovacık mahalında qeydiyyatda olduğu bildirilib.
Bağlanılan Ümumdünya Yol Partiyasının lideri Mətin Gülərin FETÖ-nün 15 iyul qanlı çevriliş cəhdindən sonra Almaniyaya sığındığı qeyd edilib. Onun uzun müddətdir, sosial mediada Məhərrəm İncə ilə bağlı təhqiramiz paylaşımlar etdiyi də vurğulanıb.
Mətin Gülərin FETÖ-nün Məhərrəm İncəyə qarşı, CHP-nin lehinə qurduğu qaranlıq çevrənin lideri olduğuna da diqqət çəkilib.