12 May 2023 21:12
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhərrəm İncənin seçkilərdən çəkilməsi Kamal Kılıçdaroğlunun səslərini artırmayacaq, əksinə, azaldacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.

Ekspert mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdən öncəki gəlişmələrə diqqət çəkib:

“2010-cu ildə CHP-nin o zamankı sədri Dəniz Baykal da Məhərrəm İncə kimi intim görüntülərlə şantaj edilmişdi. Baykalın bu yolla CHP-nin sədri postundan uzaqlaşdırılması Kamal Kılıçdaroğlunun işinə yaramışdı, dərhal partiyanın sükanı arxasına gətirilmişdi. İndi də bu məqsədlə İncəni oyundan kənarda qoyudular. Amma FETÖ-nün seçkilərə saatlar qalmış CHP üçün oynadığı bu oyun nə bu partiyanın, nə də Kılıçdaroğlunun xeyrinə olacaq.

FETÖ-nun fəallığı həm də Qərbin bu seçkilərə nə qədər önəm verdiyini göstərir. FETÖ-nün müxalifətin xeyrinə fəallığına Qərbin aktivliyi kimi baxmaq lazımdır, çünki “fəthullahçılar”ın ipləri qərblilərin əllərindədir. Bu baxımdan, İncənin çəkilməsindən sonra Kılıçdaroğlunun dərhal şantaja görə Rusiyanın adını hallandırması təsadüfi deyil. Kılıçdaroğlu bununla mümkün hakimiyyəti dönəmində xarici siyasətində Rusiyanın yerini açıqlamış oldu.

Rusiyanın bu işdə yer aldığını iddia etmək absurddur. Çünki Rusiyanın dəstəklədiyi namizəd bəllidir – Prezident Rəcəb Tayyib Ərdoğan. Bu da açıq formada dilə gətirilib. Əgər belə bir müdaxilədən söhbət gedirsə, onda Rusiya bunu Ərdoğanın xeyrinə etməli deyildimi? Daha İncəni kənarlaşdırıb niyə Kılıçdaroğlunun əlinə oynasın? Qərblə əlaqələri qopan Rusiya üçün Türkiyə dünyaya son çıxış qapılarından biridir. Belə bir strateji ölkədə qərbpərəst bir komandanın hakimiyyət başına keçməsi Rusiyanın marağında olmamalıdır”.

Ramiyə Məmmədova İncəyə qarşı qurulan tələnin CHP-nin əleyhinə işləyəcəyini iddia edir:

“Ötən aylarda İYİ Partiyanın sədri Maral Akşənər də müxalifət blokundan çıxmışdı. Amma üç gün sonra şantajlarla yenidən masaya qaytarıldı. İncə məsələsi ikinci belə olaydır. CHP öz niyyətinə çatmaq üçün bütün yollara əl atır, əsas dəstəkçisi isə FETÖ-dür. Əslində, baş verənlər “Altılıq Masası” və onun namizədi Kılıçdaroğluna inamsızlıq yaradır. Qənaətimə görə, bunlar Kılıçdaroğlunu siyasətdə tam bitirəcək addımlardır. Çünki ard-arda baş verən skandallarda digərilərinin yox, məhz CHP və onun sədri Kılıçdaroğlunun adı hallandırılır.

İncənin siyasətdən də gedəcəyini düşünənlər yanılırlar. Bu seçkidə olmadı, amma qarşıdakı seçkilərdə əsas namizədlərdən biri olacaq. İncənin getdikcə nüfuzunu daha da artıracağını, gələcək seçkilərdə qalib gələcəyini düşünürəm.

Şantajla prosesdən uzaqlaşdırılan İncənin səslərinin CHP və Kılıçdaroğluna gedəcəyini deyənlər var. Mən əksini düşünürəm, bu olay həm CHP, həm də Kılıçdaroğlunun səslərinin azalmasına səbəb olacaq. Çünki İncəyə qarşı qurulmuş tələni quranlar elə onun səslərinə göz dikənlərdir, yəni CHP, Kılıçdaroğlu və FETÖ. Buna görə də İncənin səslərinin onlara gedəcəyi real görünmür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər