ABŞ-ın rəhbərlik etdiyi Anti-İŞİD koalisiyasının birgə əməliyyat qrupu mayın əvvəlindən İraq və Suriyada atəş təlimləri keçir.
Teleqraf.com xəbər verir ki, koalisiya (CJTF-OIR) 2014-cü ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən İŞİD-i məhv etmək məqsədilə yaradılıb.
İŞİD öz terror fəaliyyətlərinin zirvəsində İraq və Suriya boyunca təxminən 42 000 kvadrat kilomeyr əraziyə nəzarət edib. 2019-cu ilə qədər CJTF-OIR, demək olar, bütün torpaqları geri alıb. ABŞ bu yaxınlarda CJTF-OIR-in İŞİD-in daimi məğlubiyyətini təmin etmək missiyası ilə bölgədə məsləhətçi roluna keçdiyini açıqlayıb.
Əməliyyat qrupunun mayın 1-dən quru və hava təlimlərinə başladığı bildirilir.
Təlimlər İraqın Ərbil, Xalidiya və Mosul bölgələrində, Suriyanın Əl-Tənf və Deyr əz-Zor bölgələrində keçirilir.
Suriyanın cənub-şərqində, İraq-İordaniya sərhədləri yaxınlığında yerləşən Əl-Tənfdə Amerikanın hərbi bazası yerləşir. CJTF-OIR qoşunları həmçinin Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsinin ətrafında fəaliyyət göstərir.
Xalidiya İraqın Əl-Ənbar əyalətində Fərat çayının sahilində yerləşir və müharibənin bir neçə ən qanlı döyüşünün baş verdiyi yerdir. Bağdaddan təxminən 200 mil şimalda yerləşən Ərbil İraq Kürdüstanının (Şimali İraq) paytaxtıdır. Bölgə İranla sərhəddə yerləşir.
İraqın şimalında yerləşən Mosul paytaxtdan sonra ölkənin ən böyük şəhəridir.